Yaşadığımız çoxmərtəbəli binalarda məişət tullantıları üçün ödəniş etməliyikmi? Bu sual çoxumuza maraqlıdır. Sualı daha da ümumiləşdirsək, yaşayış binalarında hansı xidmətlər üçün ödəniş olunmalıdır?
Bazar iqtisadiyyatı
İnsanlar bazar iqtisadiyyatının işləmə prinsiplərinə öyrəşdikcə, artıq hər şeyin ödənişli olduğunu anlamağa başlayırlar. Dövlətin xüsusi dəstəyi olan sahələr xaric, qalan bütün istehsal və xidmət sahələri biznes olduğu üçün əslində özü-özünü saxlamağı, yəni öz xərclərini qarşılamağı bacarmalıdır.
Başqa sözlə, hər hansı mal və ya xidmət varsa, onun xərci də var. Hər hansı biznesin sadə dildə mahiyyəti odur ki, malı və xidməti satan tərəf, bu prosesi davamlı edə bilmək üçün öz ilkin xərclərini bağlamalı və əlavə olaraq da mənfəət götürməlidir. Deməli, malı və ya xidməti alan tərəf də satıcının təyin etdiyi qiyməti ödəməlidir ki, biznes ayaqda qalsın, o da əldə etdiyi istehlakı davamlı ala bilsin.
Müəyyən istisnalar əlbəttə var. Dövlət tərəfindən tarif şurası vasitəsilə tənzimlənən qiymətlər də var, sərbəst təyin olunan qiymətlər də. İsthelakçının birbaşa ödədiyi qiymətlər də var, dövlətin dəstək olduğu, istehlakçının görmədiyi qiymətlər də.
Ancaq prinsip eynidir. Hər hansı malı və xidməti yaratmaq üçün kimsə biznes qurur və xərc çəkir. O xərclərə işçilik xərcləri də daxildir, maddi və qeyri-maddi aktivlərə çəkilən xərclər də. Prosesin davamlı olması üçün bu xərclər daim bağlanmalıdır. Bazar iqtisadiyyatının ana qanunu: tələb və təklif prinsipi.

Mənzil-kommunal xidmətləri
Bu prosesi mənzil kommunal xidmətlərinə proyeksiya edib, analoji qaydada nəzər yetirəndə əslində heç bir fərq olmamalıdır. Çoxmənzilli yaşayış binasında əmlakı istismar edə bilmək üçün müəyyən mal və xidmətlərə ehtiyac var. Məsələn ümumi sahələrin işıqlandırılması, tullantıların daşınması və liftlərə baxım kimi.
Xidmət varsa, xərci də var. Deməli, kimsə ödəniş etməlidir. Yəqin ki, bu çox adamda sual yaratmır. Sual yaradan məqam, bu ödənişi kim etməlidir?
Çoxmənzilli binalarda göstərilən baxım və istismar xidmətləri üçün aylıq xidmət haqqını, kommunal pulunu, mənzil kommunal xidmətlərinin xərcini kim ödəməlidir? Binanı tikənlər? Binadan istifadə edənlər sakinlər? Mənzil sahibləri? İcarəçilər? dövlət, bələdiyyə, yoxsa “JEK”?
Yəqin ki, bu sual çox adama maraqlıdır. Bu yazıda, bu suala cavab tapmağa çalışırıq.
Yuxarıda qeyd etdiyim kimi, düşüncə tərzində artıq bazar iqtisadiyyatına keçmiş insanlar bu sualın cavabını yəqin etdilər. Xidmətlərdən kim istifadə edir, pulunu da o ödəməlidir.
Ancaq digər qrup istehlakçılar da var ki, onlarda əlavə suallar var: “Axı mənzili alanda o qədər pul saymışam. İndi hər ay təzədən niyə pul ödəyim? Binanı tikən zəhmət çəksin, problemləri həll eləsin.”
Digər bir qrup başqa sual verə bilər: “hər ay dövlətə vergi ödəyirəm. Dövlət idarələri, “JEK”-lər, bələdiyyələr bu ödənişlərdən maliyyələşir. Onların göstərməli olduğu xidmətə görə niyə təkrar ödəniş etməliyəm?”
Daha bir qrup soruşur: “Ödəniş etməyə etiraz etmirəm. Ancaq xidmət olsun ki, ödəyim də. Xidmətlər ya yoxdur, ya da çox aşağı keyfiyyətdə. Qiymətləri də kim və necə təyin edir bilmirəm.”
Bu sualları bəlkə artırmaq da olar. Ancaq təcrübələrdən görünən odur ki, çoxmərtəbəli binalarda yaşayanların əksəriyyətinin “niyə”, “necə”, “nə vaxt” kimi çoxlu sualları var. Hətta, xidmətin haqqını ödəyənlər özləri belə bütün bu sualların cavablarını bilmir və ödəniş zamanı rahat və güvənli hiss etmirlər.
Daşınmaz əmlakın idarə edilməsi
Bu sualları soruşmaq, xidmətləri sorğulamaq bütün xidmət alıcılarının haqqıdır. Bu sualların yaranmasına əsas səbəb isə, biznesin bu sektorunun əhali arasında kifayət qədər anlaşılan olmaması, kimin nəyə məsul olduğu haqda təsəvvürlərinin azlığıdır.
Binaların idarə edilməsi sektoru bir çox ölkələrdəki kimi, Azərbaycanda da yeni formalaşmaqda olan sahədir. Daşınmaz əmlakın idarə edilməsi sektoru hələ əksər insanların düşüncəsində fərqli biznes sektoru kimi başa düşülmür. Bu və digər səbəblərdən insanlar arasında olan məlumatsızlıq bu kimi suallara və bir sıra əlaqəli problemlərin yaranmasına gətirib çıxarır.
Bu blogda dərc olunan bir sıra yazılarımızda, yuxarıda adı çəkilən mövzular haqqında yazmışıq. Məsələn, binalara kim xidmət etməlidir; kommunal haqqı necə hesablanır; MMMC necə işləyir və sairə. Ona görə eyni mövzuları təkrar şərh edib yazını uzatmamağa ehtiyac yoxdur.
Ancaq xidmət haqqının nə vaxt ödənilməsinə dair bir məsələni bu məqalədə vurğulamadan, yazını tamamlaya bilmərik. Burada başa düşülən odur ki, xidməti alan onun xərcini ödəməlidir. Lakin bir şərt var. Xidməti alan, o “xidməti aldığını və hansı qiymətə aldığını” bilməlidir.
Sonuncu cümlə qəliz görünsə də, izahı asandır. Yəni ortada xidmət müqaviləsi olmadan, alanın və satanın ödəlikləri və vəzifələri göstərilmədən, xidmətin qiyməti, əhatəsi təsvir edilmədən alan necə ödəniş etsin?
Xidmət müqaviləsi

Deməli, hansı xidmətlərin əhatə olunduğunu göstərən, öhdəlikləri əks etdirən, qiyməti müəyyən edən və razılaşdırılmış xidmət müqaviləsi olmalıdır.
Əlbəttə, bu halda da suallar çıxır: Qiymət necə təyin olunur? Kim necə istəsə qiymət təyin edə bilər? Ödəniş kimə edilməlidir? Əgər bir mülkiyyətçi müqavilə şərtləri ilə razı deyilsə, müqavilə imzalamaqdan imtina edə və beləliklə, ödəniş etməyə bilərmi? Əgər mənzil sahibi binada yaşamırsa, yenə də ödəniş etməlidirmi? Yenə də suallar uzanır.
Bu sualların da bir çoxunun cavabını artıq digər məqalələrdə müzakirə etmişik. Cavabı olmayanları da, bu yazını çox uzatmamaq üçün, yeni yazılarda analiz etmək olar.
Sadəcə onu vurğulamaq lazımdır ki, istər kənar idarəedici təşkilat olsun, istər mülkiyyətçilərin yaratdığı MMMC, istərsə də, dövlət tərəfindən maliyyələşən müəyyən təşkilat. Xidməti satan xidmət “göstəridiyini göstərmək” üçün xidməti alanla müqavilə bağlamalıdır ki, yaranan sualların heç olmasa müəyyən qismi aradan qalxsın.
Yerdə qalan sualların cavabları isə əmlakı idarə edən şirkətin bu suallara nə qədər hazırlıqlı olmasından, təcrübəsindən və yanaşma metodundan asılıdır.
Nəticə olaraq:
xidmət varsa, onun xərci var. Xərc varsa onun qiyməti olmalı və xidməti alan tərəfindən ödəniş edilməlidir. Ancaq qarşılıqlı sual və narazılıqları aradan qaldırmaq üçün, ilk öncə ikitərəfli razılaşdırılmış xidmət müqaviləsi lazımdır ki, ödəniş tələbi üçün hüquqi əsas yaranmış olsun.