Əgər Manat bizim milli valyutamızdırsa… əgər kağız pulları Mərkəzi Bank istədiyi qədər çap edə bilirsə… nə üçün dövlət daha çox pul çap edib vətəndaşların maaşlarını artırmır? Əslində maaş artımları öz əlimizdə deyilmi?
Bu sual bir çox insanın ağlına gəlir. Xüsusilə, iqtisadi sahədə təhsili olmayanlar üçün bu sual yəqin ki, həm maraqlı, həm də yetərincə təəccüb yaradan suallardan biridir.
Əvvəlki yazıda kasb iqtisadiyyatı haqqında danışdıq. Bu yazıda isə pul kütləsi və maaş artımları haqqında danışacağıq.
Əmin olmasalar da, əksər insanlar başa düşür ki, bunun arxasında hansısa məntiq dayanır. Yəni, əgər dövlət istənilən qədər pul çap edib onu vətəndaşlara maaş artımı şəklində verə bildiyi halda, buna getmirsə, deməli bunun səbəbi olmalıdır.
Hətta müasir dövrdə, artıq kağız pullardan daha çox, rəqəmsal pullar, kart və digər vasitələrlə ödənişlər daha geniş yayılıb. İnsanların əmək haqqı kimi əldə etdiyi ödənişlər əslində kompüterlərdə yazılmış rəqəmlərdən başqa bir şey deyil.
O halda, bu rəqəmləri artırmaq, kağız pulları daha çox çap etmək o qədərmi çətindir? Dövlət niyə istəmir ki, onun bütün vətəndaşları yüksək maaş alsın? Məsələn, Maqsudun bank hesabına aylıq 2,000 AZN yazmaqdansa, 20,000 AZN yazılsa, o da gedib bunu xaricdə istifadə etsə, istirahət etsə, istədiyini alıb gətirsə, bunun nəyi pisdir ki?
Bu sualları araşdırmaq üçün, gəlin aşağıdakı alt-mövzulara nəzər yetirək:
- Kartof istehsalı və qiymətlər
- Elektron pullar
- Maaş artımları öz əlimizdədir
Kartof istehsalı və qiymətlər
Dövlət istədiyi qədər öz valyutasında pul çap edə bilərmi? Bu sualın cavabını bilmək üçün çox sadə bir nümunəyə nəzər yetirək.
Bütün detalları, xırdalıqları kənara qoyub, gəlin fikrimizdə çox sadə bir iqtisadiyyat fərz edək. Hesab edək ki, ölkənin iqtisadiyyatı sadəcə bir məhsuldan ibarətdir. İl ərzində sadəcə 1 ton (1,000 kiloqram) kartof istehsal etməkdən başqa heç bir fəaliyyəti olmayan sadə bir iqtisadiyyat.
Hamı kartof yeyir. Sadəcə kartof alınıb satılır. Təsəvvür edək ki, başqa heç nəyə ehtiyac yoxdur. Başqa heç bir istehsal və ya ticarət növü yoxdur.
Dövriyyədə olan pul kütləsi
Fərz etdiyimiz iqtisadiyyatda bütün əhali ümumilikdə il ərzində min kiloqram kartof istehlak edir. Əgər kartofun bir kiloqramının qiymətini 1 manat fərz etsək, deməli əhaliyə sadəcə 1000 manat pul lazımdır ki, bu məhsulu ala bilsin.
Yəni, Mərkəzi Bankın sadəcə 1000 manatlıq kağız pul çap etməyi yetərlidir ki, insanlar bu puldan istifadə edib həmin məhsulu ala bilsinlər. Beləliklə, bu nümunədə, ölkənin bir il ərzində iqtisadi fəaliyyətini təmin etmək üçün dövriyyəyə sadəcə min manat pul vəsaiti buraxılmalıdır.
Yuxarıda belə fərz etdik ki, 1000 AZN pul vəsaiti çap olunub və bu insanlara maaş kimi paylanıb. İnsanlar bu puldan istifadə edib öz ehtiyacını ödəyir.
Kiminsə maaşı 40 manatdırsa, o 40 kiloqram kartof ala biləcək. Kimisə maaşı 120 manatdırsa, o 120 kq kartof ala biləcək və sairə.
İndi, deyək ki, dövlət maaşları iki dəfə artırmaq qərarına gəlir və Mərkəzi Bank növbəti il üçün artıq 1000 manat deyil, 2000 manat çap edir. Beləliklə, hamının maaşı mütənasib qaydada iki dəfə artırılır.
Belə olduqda, sistemdə nə baş verəcək? Hamı daha yaxşı yaşaya biləcəkmi? Daha çox kartof almaq mümkün olacaqmı?
İnflyasiya nədir?
Əvvəldə fərz etdiyimiz kimi, ölkə iqtidadiyyatında başqa məhsul və ya fəaliyyət yoxdur. Əgər ölkədə istehsal olunan kartofun miqdarı dəyişməyibsə, yəni yenə də 1000 kq kartof istehsal olunubsa, onda hansı vəziyyət yaranmış olacaq?
İl ərzində alınacaq bütün məhsulun miqdarı yenə də 1000 kq, dövriyyədə olan pulun miqdari isə 2000 AZN. Belə çıxır ki, əldə olan həmin 2000 manat pul ölkədə mövcud olan yalnız həmin 1000 kiloqram kartofu ala bilir.
Əgər fərz etdiyimiz kimi, başqa heç bir istehsal, xidmət və ya ticarət fəaliyyəti mövcud deyilsə, avtomatik olaraq bir kilo kartofun qiyməti artıq 1 manat deyil, 2 manat olmalıdır. Çünki, istehsal olunan, alına biləcək məhsul miqdarı ilə dövriyyədə olan pul miqdarının bir- birinə nisbəti bu qiyməti diktə edir.
Diqqət edin ki, burada qiyməti kimsə artırmır, bazar özü bu artımı məcburi edir. Yəni, tələb və təklif qanunu işə düşür. Bu qanun haqda başqa bir yazıda danışacağıq.
Deməli, qiymət artımının səbəbi pul kütləsinin artımı barədə verilən qərardır. Bu o demək deyil ki, bütün qiymət artımları avtomatik baş verir və ya pul kütləsinin artımı ilə əlaqəlidir.
Qiymət artımının müxtəlif səbəbləri ola bilər. Bu yazıda, bu səbəbləri tək-tək araşdırmayacağıq. Lakin, səbəblərdən biri və bəlkə də ən əsası, bizim nümunədə qeyd olunan səbəbdir, yəni pul kütləsinin “yetərli əsas olmadan artırılması”.
Kartofun istehsalını artırmadan sadəcə pulun miqdarını və maaşları artırsaq, o halda qiymətlər avtomatik olaraq artmış olacaq. Buna deyirik, “qaş düzəldən yerdə göz çıxarmaq”.
Bu hadisəyə isə iqtisadi dildə “inflyasiya” deyirlər. Başqa sözlə, iqtisadiyyatın, ümumi sistemin real dəyəri eyni qalsa da, kağız üzərindəki dəyəri, yəni nominal qiyməti artmış olur. Ölkə iqtisadiyyatının real dəyəri 1000 kiloqramlıq kartofdur. Lakin onun pul vahidi ilə ölçülən dəyəri artıq 2000 manatdır.
Beləliklə, iqtisadiyyatda heç bir artım olmadan sadəcə dövriyyədə olan pul kütləsinin artırılması inflyasiyanı, yəni qiymət artımlarını yaradan əsas səbəbdir.
Əlbəttə, deyə bilərsiniz ki, iqtisadiyyat sadəcə kartofdan ibarət olmur. Nümunədə biz çox sadə bir iqtisadiyyat modelinə baxdıq. Ölkədə minlərlə adda başqa məhsullar və xidmətlər olur, xarici ticarət fəaliyyəti mövcud olur. Bu haqda bir qədər sonra, növbəti bölümdə danışacağıq.
Elektron pullar
Yuxarıdakı numünədə, sadəcə kartof istehsalı olan iqtisadiyyat nümunəmizdə ödəniş vasitəsi kimi “manat” kağız pullarını nəzərdən keçirdik. Bəs kağız pulların əvəzinə elektron pullar olsaydı necə? Kartla ödənişlərin bu prosesə təsiri varmı?
Əslində, pul sadəcə ödəniş vasitəsidir. Alınıb satılan, hansısa real dəyəri olan bir məhsul, mal və ya xidmətdir. Onun dəyərini istənilən ödəniş vasitəsilə ödəmək olar və bunun heç bir fərqli yoxdur.
Tarixən ödəniş vasitələri bir sıra təkamül yolu keçib. Pul yaranmadan öncə barter metodlarından tutmuş, qızıl, gümüş pullar, kağız pullar, və günümüzdəki rəqəmsal ödənişlər, hətta kripto valyutalara qədər. Bu mənada, ödənişin hansı yolla təmin edilməsinin bir elə fəqi yoxdur.
Lakin, ödəniş vasitəsinin iqtidsadiyyata təsir edən bir çox cəhətləri var. Bu mövzunu xırdalamadan, sadəcə önəmli bir məqama diqqət çəkmək yerinə düşər.
Daha real iqtisadiyyat
Kartof misalında qeyd etdik ki, 1000 kq kartofu almaq üçün, 1000 manatlıq pul kütləsinə ehtiyac var. Bu miqdar bir il ərzində istehsal olunan həmin məhsulu almaq üçün yetərli miqdardır.
Ancaq nəzərə almaq lazımdır ki, bu məhsulun hamısı bir dəfəyə istehsal olunub, bir dəfəyə satılmır. Yəni bütün hadisə sadəcə İyunun 6-da, birdəfəyə baş vermir. Bizim kartof nümunəsi ola bilsin bu hissəni aydın izah etmir. Ona görə, gəlin nümunəni bir qədər zənginləşdirək.
İndi təsəvvür edin ki, iqtisadiyyatda artıq sadəcə bir məhsul yoxdur. 10 adda müxtəlif meyvə-tərəvəz yetişdirilir. Bundan başqa, 20 adda müxtəlif tikinti məhsulları və 30 adda müxtəlif ərzaq məhsulları da istehsal olunur. Əlavə olaraq, hesab edək ki, 40 adda müxtəlif xidmət növləri (təhsil verən müəllimlər, müalicə edən həkimlər, tikinti ilə məşğul olan usta və fəhlələr, ticarətlə məşğul olan tacirlər və s) ümumi iqtisadi fəaliyyətin bir hissəsidir.
Əvvəlkindən fərqli olaraq, artıq bir qədər mürəkkəbləşdirilmiş və geniş iqtisadiyyat nümunəsinə baxırıq. Hesab edək ki, bu sadaladığımız malların və xidmətlərin ümumi dəyəri, yəni onları ala bilmək üçün əhaliyə bir milyon manat lazımdır.
Pulun dövriyyəsi
Təbiidir ki, hər kəs gündəlik olaraq işini görür, nəsə istehsal olunur, xidmət göstərilir və ticarət aparılır. Müəllimin dərs deyərək əldə etdiyi maaşı, müxtəlif ərzaq məhsulları və tibbi xidmət alışına istifadə olunur. Həkimin aldığı maaşı daha sonra kartof alışına və evin təmiri üçün tikinti materialına xərclənir və sairə.
Beləliklə, eyni pul daima əl dəyişdirir. Yəni, pul sadəcə bir dəfə istidadə olunub ömrünü başa çatdırmır. İl ərzində, eyni pul bir neçə dəfə istifadə edilir. Buna, iqtisadi dildə “pulun dövr etməsi” və ya “pul dövriyyəsi” deyirlər.
O halda, əgər iqtisadiyyatın real dəyəri yuxarıda qeyd etdiyimiz kimi bir milyon manatdırsa, bu malları və xidmətləri almaq üçün, yenə də əhaliyə bir milyon manatlıq pullar lazım olacaq?
İqtisadiyyatın dəyərini təşkil edən məhsullar və xidmətlər ayrı-ayrı vaxtlarda eyni pul vasitəsilə alına bilirsə, o halda istifadəyə verilən pul kütləsinin də artıq bir milyon manat deyil, daha az olması yetərli olacaqdır.
Çünki, bunun əksi əvvəlki bölümdə bəhs etdiyimiz inflyasiya məsələsini yaratmış olacaq. Bu dəfəki nümunədə, iqtisadiyyatın real dəyəri və dövriyyədə olan pul kütləsi eyni olsa da, eyni pul verilən dövr ərzində bir neçə dəfə əl dəyişdirdiyi üçün, dövriyyədə ehtiyac olmayan “artıq pullar” meydana gəlmiş olacaq. Bu isə, daha öncə müzakirə etdiyimiz kimi, inflyasiya deməkdir.
Deməli, yenicə tanış olduğumuz “pulun dövretmə sürəti” diqqətə alınmalı olan yeni bir anlayışdır. Buradan o nəticəyə gəlirik ki, iqtisadiyyatın ümumi dəyərini sabit saxlasaq, pul nə qədər sürətlə dövr edirsə, lazım olan pul kütləsinin miqdarı o qədər daha az olmalıdır.
Əgər iqtisadi artım yoxdursa, yəni iqtisadiyyatın real dəyəri eyni qalırsa, dövriyyədə olan pul kütləsini azaltmasaq, sistemdə artıq pul kütləsi və beləliklə də inflyasiya yaranmış olur.
Ödənişi necə edək?
Deməli, pulun dövretmə sürəti də inflaysiyaya təsir edən əsas amillərdəndir. Sistemdə ehtiyac olan pul kütləsinin miqdarını təyin etmək üçün, iqtisadiyyatın dəyəri ilə yanaşı, pulun dövretmə sürəti də diqqətə alınmalıdır.
Pulun dövretmə sürətinə bir çox amillər təsir edə bilir. İstifadə olunan ödəniş vasitələri də bu amillərdən biridir.
Yəqin siz də razılaşarız ki, qızıl pulların dövretmə sürəti ilə kağız pulların dövriyyəsi və ya elektron pulların dövriyyə sürəti bir-birindən yetərincə fərqlənir. Ödəniş vasitələrinin rəqəmsallaşdırılması pulun dövretmə sürətini daha da artırmağa imkan yaradır.
Pulun sürətlə dövr etdiyi iqtisadiyyat daha sağlam inkişaf edir. Dövretmə nə qədər sürətli olsa, o qədər çox pul kütləsi dövriyyədən çıxarılmış olar. Nə qədər artıq pul kütləsini dövriyyədən çıxarmaq olsa, o qədər inflayisa ilə mübarizəni gücləndirmək olur.
Deməli, elektron pullardan istifadə bir tərəfdən şəffaflığın artırılmasına xidmət edirsə, digər tərəfdən də pulun dövretmə sürətinə müsbət təsir edir. Elektron pullar və ödənişlər dövretmə sürətinə müsbət təsir etdiyi üçün, onların istifadəsi iqtisadiyyat üçün çox faydalıdır deyə bilərik.
Maaş artımları öz əlimizdədir
Yenidən qayıdaq əsas sualımıza? Necə düşünürsünüz, maaş artımları öz əlimizdədir? Dövlət istədiyi qədər pul çap edib maaşların sürətlə artımını təmin edə bilərmi?
Suala cavab vermədən öncə, bir məqama da diqqət yetirməliyik. Əvvəlki bölümlərdə sadəcə kartof istehsal olunan sadə bir iqtisadiyyata, daha sonra isə bir qədər mürəkkəb iqtisadi sistemə nəzər yetirdik.
Daha real nümunəyə baxsaq, Azərbaycanda və ya hər hansı bir ölkədə minlərlə adda məhsul və xidmətlər istehsal olunur. Müxtəlif növ ticarət işləri aparılır, yığım edilir, investisiyalar qoyulur. Lakin iqtisadi modeli mürəkkəbləşdirmək yuxarıda bəhs etdiyimiz ümumi mənzərəni dəyişmir. Eyni prinsiplər istənilən halda özünü göstərir.
Deyə bilərsiniz ki, müzakirə etdiyimiz məqamlar sadəcə ölkə daxilində mövcud olan istehsalı və xidmətləri əhatə edir. Bəs axı digər ölkələrlə əlaqələr də var? Əgər hansısa məhsul ölkədə yoxdursa, onu kənardan almaq, yəni idxal etmək olar.
Başqa sözlə, daha çox pulumuz olsa, almaq istədiyimiz mal və xidmətlər ölkədə istehsal olunmasa da, digər ölkələrdən idxal edə bilərik və ya gedib o pulları digər ölkələrdə xərcləyə bilərik. Beləliklə də, “artıq pulu” ölkədən kənarda xərcləsək, onda inflyasiya da yaranmaz. Lakin bu məsələ də göründüyü qədər sadə deyil.
İdxal və ixrac əməliyyatları
İlk baxışda çıxış yolu idxalda görünsə də, əslində problem bununla da həll olunmur. Əksinə, sadəcə idxala arxalanmaq problemləri daha da artırır.
Hər kəs idxaldan asılı olmağın “kimdənsə asılı olmaq” anlamına gəldiyini başa düşür. Bu əslində məsələnin sadə tərəfidir. Ancaq, məsələnin iqtisadi tərəfi də var.
İqtisadi baxımdan, əslində idxal əməliyyatı hətta faydalıdır. Dünyada elə bir iqtisadiyyat yoxdur ki, orada heç bir idxal olmasın. Buna baxmayaraq, heç bir yerdə sadəcə idxal etmək və ya hər şeyi idxal etmək mümkün deyil.
Bu məqalənin mövzusu idxal-ixrac haqqında olmadığı üçün çox detala enməyəcəyik. Lakin başladığımız mövzunun tamlığı baxımdan idxal-ixrac məsələsinə qısa nəzər yetirmək önəmlidir. Qısa şəkildə ümumiləşdirsək, heç bir məhsul və ya xidmət ixrac etmədən nəyisə idxal etmək mümkün deyil.
Necə yəni ixracsız idxal olmaz? Çünki, ölkədə olmayan hər hansı məhsulu digər ölkələrdən ala bilmək üçün, əlimizdə həmin ölkənin valyutası olmalıdır. Necə ki, Azərbaycanda bütün alış-veriş əməliyyatları yalnız manatla icra oluna bilər, eləcə də, digər ölkələrdə eyni qanunlar işləyir.
Heç bir ölkə manat qarşılığında öz məhsullarını və xidmətlərini Azərbaycana təqdim etməyəcək. Eyni qaydada, Türkiyədə türk lirəsi qarşılığında Avropa və ya Çin mallarını, Rusiyada rubl qarşılığında digər ölkələrin məhsullarını ala bilməyəcək.
İdxal edə bilmək üçün sadəcə iki çıxış yolu var:
1. Məhsulunu almaq istədiyimiz ölkənin valyutası ilə həmin məhsulları idxal etmək olar.
2. Məhsulunu idxal etdiyimiz ölkəyə manat ilə ödəniş ediriksə, həmin ölkəyə də öz məhsullarımızdan ixrac etməliyik ki, bizdən əldə etdikləri manat pullarını xərcləyib yenidən bizə qaytarsınlar.
Manatı istifadə edə bilmələri üçün, digər ölkə vətəndaşları ya Azərbaycana gəlməli, ya da Azərbaycandan hansısa məhsulu idxal etməlidirlər. Əks halda, bu pullar onların “əlində qalacaq” və öz məhsullarını manatla Azərbaycana satmaq istəməyəcəklər.
Hər iki halda, məsələ gəlir yenə dayanır ölkə daxilində hansısa dəyərin yaradılmasına. Bu dəyər hansısa məhsul istehsalı, təbii sərvət və ya xidmət ola bilər. Ancaq istənilən halda nəsə yaradılmalıdır.
Deməli, hər bir halda, ölkə daxildə hansısa iqtisadi dəyəri olan mal və ya xidmət yaratmadan və ixrac etmədən, heç nəyi idxal etmək mümkün olmayacaq.
Ümumi Daxili Məhsul
Ölkə daxilində bir il ərzində istehsal olunan, yaradılan bütün növ malların və xidmətlərin dəyərinin cəminə Ümumi Daxili Məhsul (ÜDM) deyilir. ÜDM iqtisadiyyatın ümumi dəyərini göstərən rəqəmdir. Ölkələrin iqtisadiyyatını müqayisə edərkən ən birinci baxılan göstərici məhz bu rəqəmdir.
Daha öncəki nümunələrə qayıtsaq, dövriyyədə olan pul kütləsinin miqdarı ÜDM-in səviyyəsindən birbaşa asılıdır. Pulun dövretmə sürətini eyni saxlasaq, pulun miqdarını artırmaq üçün ÜDM-i artırmaq lazımdır.
Kağız pulları və ya elektron pulları artırmaq çətin məsələ deyil. Ancaq bu artımın arxasında ÜDM artımı olmadığı müddətcə, bunun heç bir mənası yoxdur, əksinə ziyanı var.
Beləliklə,
Sadəcə pul çapını artırmaqla maaş artımına nail olmaq mümkün deyil. Deməli, çıxış yolu ÜDM-i artırmaqdır. Yəni, maaş artımı yalnız ölkə iqtisadiyyatını böyütməklə mümkün olur.
Bəs ÜDM-i necə artıra bilərik? İqtisadi artıma necə nail olmaq olar? Bu artıq növbəti məqalələrin mövzusudur və bu haqda ayrıca danışacağıq.
O halda, maaş artımı öz əlimizdə deyil? Əlbəttə, öz əlimizdədir. Çünki, hərəmiz bir işlə məşğul oluruq. Kimisi kənd təsəüürfatı məhsulu istehsal edib satır, kimisi müəllim və ya həkim kimi işləyir, kimisi də bərbər xidməti göstərir.
Bütün bunlar iqtisadi fəaliyyətlərdir və hər kəs bir cürə iqtisadi dəyər yaradır. Bu dəyərlərin cəmi elə ÜDM deməkdir. O halda, iqtisadiyyatı artırmaq və dolayısı ilə maaş artımlarına nail olmaq da əslində öz əlimizdədir.
