Çoxmənzilli binaların idarə edilməsi sahəsində artıq bir sıra mövzulara toxunub təhlillər aparmışıq. Ancaq bu sahədə əsas məsələlərdən biri də şəffaflıq və əmlakın səmərəli idarə edilməsinə nail olmaqdır. Bəs binaların idarə edilməsində rəqəmsal platformalar hansı rolu oynayır?
Bu yazıda binaların idarə edilməsində rəqəmsal platformaların yaratdığı imkanları araşdıracağıq. Bina idarəetməsində rəqəmsal həllərin əhəmiyyəti və onun mülkiyyətçilərə, sakinlərə və idarəedicilərə verdiyi üstünlükləri nəzərdən keçirəcəyik.
Məqalədə toxunulan alt mövzular:

- Binaların idarə eidlməsində rəqəmsal platformaların yaratdığı imkanlar
- Bina İdarəetmə Aləti və onun əsas xüsusiyyətləri
Binaların idarə edilməsində rəqəmsal platformaların yaratdığı imkanlar
Daşınmaz əmlakların idarə edilməsi, xüsusilə çoxmənzilli yaşayış binalarının və rezidenslərin idarə edilməsi kifayət qədər mürəkkəb və məsuliyyətli sahədir. Bu sektor hələ yeni formalaşmaqda olsa da, geniş əhatə dairəsi və az qala hər kəsin həyatına toxunan xüsusiyyətləri var.
Əvvəlki yazılarda müştərək mülkiyyətli daşınmaz əmlaklar, çoxmənzilli binaların necə idarə olunması, kommunal xidmət haqqının hesablanması, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və digər mövzular haqqında ətraflı müzakirələr aparmışdıq.
Lakin əmlak idarəetməsində beynəlxalq təcrübələri öyrənmədən, müasir texnologiyalardan istifadə etmədən daim artan tələbləri idarə etmək və uğur qazanmaq olduqca çətindir. Müasir dövrdə istənilən biznes problemin həllində rəqəmsallaşmanın önəmini qeyd etməyə yəqin ki, ehtiyac yoxdur.
Binaların idarə edilməsi sektorunda da rəqəmsal platformalar həlledici rola malikdir. Aşağıda belə platformaların yaratdığı imkanlara nəzər yetirməklə, bu rolun əhəmiyyətinə işıq saça bilərik.
Rahatlıq və əlçatanlıq
İlk öncə, rəqəmsal platforma dedikdə nəyin nəzərdə tutulduğuna qısaca toxunmaq yerinə düşər. Bugün az qala hər bir sahədə mobil tətbiqlərdən istifadə edilir. Mobil tətbiqlərin köməyi ilə, evdə oturmaqla bir çox problemləri ağıllı telefonlar vasitəsilə həll etmək mümkündür.
Elektron ticarət platformalarında istənilən məhsulun onlayn sifarişindən tutmuş, müxtəlif bank xidmətlərinə qədər; uzaqdan təhsil imkanlarından tutmumuş, müxtəlif dövlət xidmətlərinin əldə olunmasına qədər bir çox sektorlarda rəqəmsal həllər uğurla tətbiq olunur.
İnternet, proqram təminatları və mobil tətbiqlər insanlara məlumat bolluğu və geniş seçim imkanları təqdim edir. Axtarılan məhsul və xidmətlərin asan tapılması, məlumatlı qərarvermə və sürətli nəticə əldə etmək rəqəmsal texnologiyaların gətirdiyi əsas üstünlüklər sayılır.
Bütün bunlar istifadəçilərə xidmətlərin əlçatanlığını artırmaqla yanaşı, problemlərin rahat və əziyyətsiz həllinə zəmin yaradır. Nəticədə isə istənilən xidmətin son məqsədi olan müştəri məmnuniyyətinə nail olmaq imkanı yaranmış olur.

Avtomatlaşdırma imkanları
Binaların idarə edilməsi üçün yaradılan platformaların əsas xüsusiyyətlərindən biri proseslərin avtomatlaşdırılmasının mümkünlüyüdür. Avtomatlaşdırma görüləcək işin müəyyən hissəsinin proqram təminatı vasitəsilə avtomatik icra olunması deməkdir.
Xidmət sifarişlərinin idarə olunması, borcların hesablanması və ödənişlər və digər məqsədlərlə proseslərin müəyyən hissələrini platforma üzərindən avtomatlaşdırmaq mümkündür. Qeyd olunan əməliyyatlardakı bir sıra addımların avtomatlaşdırılması insan səhvlərinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olur.
Məsələn, çoxmənzilli binalarda mülkiyyətçilərə aylıq olaraq kommunal haqqı hesablanması və faktura göndərilməsi prosesi avtomatlaşdırıla bilər. Nəticədə, hesab-fakturadakı məlumatların doğruluğunda sistematik səhvetmə riskləri aradan qaldırılır. Əlavə olaraq, kağız və ya şifahi məlumatlandırmadan fərqli olaraq, fakturalar dərhal və dəqiqliklə istifadəçinin telefonuna çatdırılmış olur.
Daha bir nümunəni əmlaka girişlə əlaqədar icazə verilməsi prosesinə aid etmək olar. Bəzi əmlaklarda gələn qonağa binaya giriş icazəsi verilməsi üçün, qapıda duran mühafizə əməkdaşı ev sahibinə zəng edib təsdiq alır. Bunun əvəzinə, mobil tətbiqdəki moduldan istifadə etməklə sakinin öncədən verdiyi icazə ilə, qonaq sürətli keçid əldə edə bilir və sairə.
Beləliklə, avtomatlaşdırılmış proseslər bir sıra əməliyyatların icrasında artıq ənənəvi üsullara ehtiyac duymadan, insanların həyatını asanlaşdırır və səhvetmə risklərini azaltmış olur.
Sürətli ödəniş və borcları izləmə imkanları
Mənzil mülkiyyətçilərinin, eləcə də bina idarə edənlərin ən yaralı yerlərindən biri xidmət haqlarının hesablanması və ödənişlərdir. Bəzən hesablamanın şəffaflığı, bəzən borcun və ödənişlərin izlənməsi, bəzən də ödənişin rahatlığı mənzil sahiblərində suallar yaradır.
Rəqəmsal platformaların qazandırdığı əsas üstünlüklərdən biri kommunal haqqı və digər borcların daha rahat izlənməsi və idarə olunması fürsətidir. Hesablamaların avtomatik təqdim olunması, ödənişlərin onlayn formada icrası, borcların asan formada izlənməsi kimi funksionallıqlar təqdim edən rəqəmsal platformalar mənzil mülkiyyətçilərinə və idarəedicilərinə rahatlıq bəxş edir.
Bina İdarəetmə Aləti və onun əsas xüsusiyyətləri

Hazırda Azərbaycanda binaların idarə edilməsi üçün artıq bir neçə rəqəmsal platforma hazırlanıb və istifadəçilərə təqdim olunur. Bu platformalar əsasən eyni məqsədlərə xidmət etsələr də, təqdim etdikləri funksiyaların sayı və çeşidi, istifadə rahatlığı və başqa amillərə görə bir-birindən fərqlənir.
İstifadəçilərin gözləntiləri, tələbləri, qiymət və digər səbəblər bu və ya digər platforma seçimini əsaslandıra bilər. Bu bölümdə, belə rəqəmsal platformalardan biri, BİDA haqqında qısa məlumat paylaşacağıq.
BİDA nədir?
BİDA və ya “Bina İdarəetmə Aləti” əmlakların idarə edilməsi üçün yaradılmış rəqəmsal platformadır. Həm android, həm də ios istifadəçiləri ağıllı telefonda və planşetdə bu mobil tətbiqi yükləyib istifadə edə bilir.
Bununla yanaşı, platforma həm də web üzərindən tətbiq kimi kompüterlərdə də istifadə edilə bilən proqram təminatıdır. Yəni BİDA istifadəçinin seçdiyi cihazdan asılı olmayaraq, hər yerdə əlçatandır.
BİDA mobil tətbiqi iki rejimdə işləyir: Mülkiyyətçilər və sakinlərin istifadə edə bildiyi “istifadəçi rejimi” və əmlakı idarə edən təşkilat və ya MTK əməkdaşları üçün “idarəedici rejimi”. Bu platformada istənilən sayda əmlakı əlavə edib bir mərkəzdən idarə etmək mümkündür.

Əsas funksiyalar
BİDA yaşayış binalarının idarə edilməsi üçün həm idarəedici təşkilata, həm də ümumi istifadəçilərə və sakinlərə geniş imkanlar yaradır. Bu funksionallıqlardan bəzilərini aşağıda qeyd etmək olar:
- Mənzil mülkiyyətçiləri və idarəedici təşkilat arasında bütün növ kommunikasiyaların qurulması və idarə olunması
- Müxtəlif bildirişlərin göndərilməsi, səsvermələr və platforma daxili əlaqə imkanları
- Xidmətlərin sifariş olunması, izlənməsi və qiymətləndirilməsi
- Borcların hesablanması, borc bildirişlərinin göndərilməsi
- Onlayn ödənişlər və ödəniş tarixçələri
- Həm sakinlər, həm də idarəedicilər üçün müxtəlif hesabatların təqdim edilməsi
Əslində platformanın imkanları və funksiaları kifayət qədər genişdir. Bu yazının əsas məqsədi sırf BİDA mobil tətbiqinin analizi olmadığı üçün, çox detala girmədən mövzunu burada tamamlayırıq.
Növbəti yazıların birində BİDA platformasını ətraflı təhlil edib oxucuları maraqlandıran bir çox xüsusiyyətlərinə toxunmaq olar.
Beləliklə,
Müasir dövrdə əmlakların idarə edilməsində rəqəmsal həllərin mövcudluğu istifadəçi məmnuniyyətini artırmaq üçün önəmli amillərdən biridir. Binaların idarə edilməsində rəqəmsal platformalar nəinki istifadəçilər üçün rahatlıq və əlçatanlığı təmin edir, eyni zamanda sürət, avtomatlaşdırma, şəffaflıq və bir çox narazılıq yarada bilən problemlərin həllində aparıcı rola malikdir.