Tezliklə Bakıda “Formula 1” yarışlarının Azərbaycan Qran-prisi keçiriləcək. Hər il olduğu kimi, çoxumuzun ağlına gələn ilk suallar bunlardır: Bizə Formula 1 yarışı lazımdır? Bu yarışdan biz nə qazanırıq?
Bu yazıda “Formula 1” avtomobil yarışı haqqında sizə maraqlı olan bir çox suallara cavab tapacaqsınız. Bu necə yarışdır? Ölkəmizə nə qazandırır? Niyə Formula 1 yarışını Bakıda keçirməyə maraqlıyıq?
“Formula 1 hara, binaların idarə edilməsi hara” kimi suallarınız yaranırsa, bəlkə də haqlısınız. Ancaq belə mövzuda bir yazının blog səhifəmizdə yer alması təsadüfi deyil. Bu haqda bir qədər sonra.
Məqalədə aşağıdakı mövzuları əhatə edəcəyik:
Formula 1 nədir?
“Formula Bir” və ya F1 kimi təqdim olunan idman yarışları açıq təkərli, bir yerli avtomobillərin yarışdığı dünya çempionatıdır. Mart ayında başlayıb ilin sonuna kimi davam edən bir sezonda 22-24 yarış və ya qran-pri təşkil olunur.
Hər bir yarış fərqli bir yarış halqasında keçirilir. Adətən bir ölkədə yalnız bir, bəzi hallarda isə iki fərqli yarış halqası çempionata daxil edilir. Bakıda keçirilən Azərbaycan qran-prisi bu yarışlardan biridir.
Yarışlar xüsusi standartlara cavab verən yollarda, treklərdə aparılır. 2025-ci ildə nəzərdə tutulan 24 yarış halqasından yalnız 4-ü şəhər içində yaradılmış halqadır və bunlardan biri də əfsanəvi Bakı Şəhər Halqasıdır.
FİA və qaydalar
Dünya Avtomobil Federasiyası (FİA) bir sıra avtomobil yarışlarının, eləcə də Formula 1 yarışlarının təşkilatçısıdır. Bu çempionat bütün komandalar və avtomobillər üçün məcburi hesab olunan çox detallı qaydalar çərçivəsində təşkil olunur.
Həmin qaydalara “Formula 1” adı verilib və F1 artıq bir brendə çevrilib. Formula 1 avtosport yarışları arasında ən prestijli və ən bahalı olan yarış növüdür. Bu, bir sürət yarışıdır. Eyni zamanda, bu bir mühəndislik və komanda yarışıdır.
FİA əlavə olaraq F2, F3, F4 və digər yarışları da təşkil edir. Bu yarışlar ikinci, üçüncü səviyyəli liqalar hesab olunur və pilotların yetişib F1-ə çatmasında mühüm rol oynayır. Bakı Şəhər Halqasında keçirilən Azərbaycan Qran-Prisində həm Formula 1, həm də Formula 2 yarışları təşkil olunur.
F1 komandaları
Hər bir yarışda 10 komanda iştirak edir. Hər komanda iki F1 avtomobili və ya bolit ilə təmsil olunur. Ümumilikdə, sezon boyu eyni 10 komanda və 20 pilot yarışaraq ən çox xal toplamağa çalışır ki, dünya çempionu adını qazansın.
Hər bir komandanın öz strukturu, rəhbəri, strateqləri, mühəndisləri, mexanikləri və pilotları olur. 3-cü pilot ehtiyat kimi saxlanılır.
Əlavə olaraq, ölkədən ölkəyə səfər edən hər bir komandanın arxasında daimi olaraq elmi araşdırmalar və tədqiqatlar aparan, qaydalara uyğun və daha sürətli avtomobil yaratmağa çalışan daha böyük komanda dayanır.
Bir avtomobilin ortalama qiyməti 16 milyon dollardır. Bütün heyətin xərclərini, logistika əməliyyatlarını və davamlı araşdırmaları apara bilməsi üçün, bir sezon ərzində bir komandanın icazə verilən maksimum büdcəsi təxmini 140 milyon dollar təşkil edir. Formula 1 həm də büdcələrin idarə edilməsi yarışıdır.
Yarış həftəsi
Hər bir qran-pri yarışı bir həftəlik tədbir kimi təşkil olunur. Əsas hazırlıqlar Cümə axşamından başlayır və Cümə günü sərbəst yoxlama yürüşləri keçirilir.
Şənbə günü əsas hadisə kvalifikasiya mərhələsidir. Burada avtomobillər bir-birilə deyil, zamanla yarışırlar. Yarış halqasını ən tez tamamlayan pilot əsas yarış zamanı birinci yerdən başlamaq hüququ qazanır. Digər pilotlar da zaman nəticələrinə görə arxa-arxaya düzülür.
Bazar günü isə əsas yarış günüdür. Kvalifikasiya tamamlandıqdan sonra yarış başlayana qədər, icazə verilən bəzi istisnalar xaricində, komandalar avtomobillərə əsaslı dəyişiklik edə bilməzlər.
FİA nümayəndələri və marşallar yarışın təhlükəsiz və ədalətli təşkili üçün əhəmiyyətli səy göstərirlər.
Dünya çempionu olmaq
Hər bir qran-pri yarışının öz qalibi olur və ilk 3 yeri tutan pilotlar podiumda bunu qeyd edirlər. Lakin dünya çempionu olmaq üçün sezon bitənə qədər hamıdan çox xal toplamaq gərəkdir.
Hər yarışda birinci yeri tutan pilot 25, ikinci yeri tutan pilot 18, üçüncü yeri tutan pilot 15 xal toplayır. Xallar finişi bitirən pilotların sırasına görə azalır və 10-cu yeri tutan pilota 1 xal düşür. Sonrakı 11-20-ci yerlər isə heç bir xal əldə etmir.
F1 sezonunda ən çox xal toplayan pilot dünya çempionu adını qazanır. Ən çox xal toplayan komanda isə konstruktorlar üzrə çempion adını qazanır. Komandanın xalı hər iki pilotun xallarının cəmi hesab olunur.
Formula 1 dünya çempionatı 1950-ci ildən təşkil olunur. Hazırda dünyada ancaq iki pilot yeddiqat dünya çempionu tituluna sahibdir: Mixail Şumaxer və karyerası hələ davam edən Luis Hamilton.
Formula 1 yarışından nə qədər qazanırıq?
Əvvəlki bölümdə artıq bir neçə rəqəm səsləndirdik. Maraqlı və cəlbedici görünür. Komandalar yarışır, titul qazanır və böyük gəlirlər əldə edirlər. Bəs bundan bizə nə?
Azərbaycanda belə bir yarışın keçirilməsi ölkəyə nə verir? Formula 1 yarışlarından nə qazanırıq və nə itiririk? Maddi olaraq mənfidəyik yoxsa müsbətdə?
Formula 1 kimi idman yarışlarında təşkilatçı ölkənin qazancı iki istiqamətdən formalaşır: Birbaşa gəlirlər və dolayı qazanc. Gəlin ilk öncə birbaşa gəlirlərə nəzər yetirək.
Birbaşa gəlirlər
Təşkilatçı ölkə üçün yarışın əsas gəlir mənbələrindən biri bilet satışlarıdır. Bakıda biletlərin qiyməti yerləşmə yerinə görə 360 dollardan 1220 dollara qədər dəyişir. Oturacaq olmayan 3 günlük ümumi girişli biletlərin qiyməti isə minimal 120 dollardır.
2024-cü ildə keçirilən yarış üçün ümumi tamaşaçı sayı 76 min nəfər olub. Bu il oturacaq yerlərinin sayında əlavə 35% artım nəzərdə tutulur. Bu biletlərin təxmini 75-80%-i ölkə xaricinə, yəni turistlərə satılır.
Orta bilet qiymətini minimal 200 dollardan götürdükdə, 76 min nəfərdən qazanılan ümumi gəlir təxmini 15 milyon dollar, 400 dollardan götürdükdə isə təxmini 30 milyon dollar civarında rəqəm çıxır.
Bunun 75%-i, yəni turistlərə satışdan gələn hissəsi isə 12-23 milyon arası gəlir deməkdir. Beləliklə, 2025-ci il üçün yer sayında artımla birgə təxmini 25 milyon dollar gəlir hesablaya bilərik.
Təşkilatçı ölkə kimi, bu yarışın Bakıda keçirilməsinə görə Azərbaycan illik 55 milyon dollar ödəyir. Digər təşkilatçılıq xərclərini də nəzərə alsaq, bu xərc daha da yuxarıdır.
Deməli, ölkə xaricindən birbaşa gəlirlər təxmini 25 milyon dollar, əsas xərclər isə 55 milyon dollar təşkil edirsə, digər təşkilati xərcləri də nəzərə aldıqda, ilkin görünən rəqəm 30 milyon dollardan çox xalis zərər deməkdir.
Lakin bu rəqəm hekayənin bütün detallarını əks etdirmir. Rəqəmlərə belə ötəri və birtərəfli baxış ciddi dərəcədə yanıldıcı və qeyri-dəqiqdir. Gəlin, digər gəlirlərə də nəzər yetirək və Azərbaycanı digər ölkələrin nəticələri ilə müqayisə edək.
Ölkələrin müqayisəsi
Heç bir ölkə Formula 1 yarışına, eləcə də istənilən digər yarışlara sadəcə bilet satışından qazanc üçün ev sahibliyi etmir. Beynəlxalq yarışlardan əldə edilən üstünlüklərin əslində bir çox istiqamətləri var.
Ölkələrin Formula 1 yarışından əldə etdiyi üstünlüklərə, maddi qazanclarlarla yanaşı, reklam, stabillik qavramı, biznes və investisiya mühitinin təşviqi, siyasi qazanclar və bir çox digər elementlər daxildir.
Lakin bütün bu elementləri qoyaq bir kənara. Bizim mövzumuz iqtisadi maraqlardır və baxaq görək Formula 1 yarışında daha hansı real qazanc imkanları əldə olunur.
İlk öncə qeyd etmək yerinə düşər ki, sezon boyu təşkil olunan 24 yarışdan sadəcə bir neçəsində birbaşa satışlardan qazanc əldə olunur. Sinqapur, Abu Dabi, Melbrun kimi şəhərlər də daxil olmaqla, əksər ölkələrdə əldə edilən gəlirlər xərclərdən xeyli aşağıdır. Yəni bu göstərici üzrə maliyyə nəticələri əksər ölkələrdə minusda olur.
Bununla belə, bu ölkələrin hər biri bu yarışa ev sahibliyi etmək üçün rəqabət aparırlar. İştirak edən ölkələrin əksəriyyəti onilliklərdir öz yerlərini digər şəhərlərə ötürmək istəmirlər. Çünki, bu yarışdan əldə edilən ümumi iqtisadi fayda əslində daha yüksəkdir. Gəlin, bir az da dərinə gedək.
Dolayı qazanclar
Bir turist Bakıda 3-5 gün ərzində orta hesabla təxmini 2000 manat xərcləsə, yuxarıda qeyd etdiyimiz turist sayına görə yarış həftəsində 120 milyon manat pul xərclənir. Yəni, təxmini 70 milyon dollar ölkə iqtisadiyyatına əlavə xeyir gəlir. Bu isə, artıq müsbət nəticə deməkdir.
Hələ daha uzun müddət qalan turistləri nəzərə alsaq, tədbirin yaratdığı əlaqəli hadisələrə görə digər vaxtlarda ölkəyə gələn turistləri hesaba vursaq, ölkə iqtisadiyyatına on milyonlarla vəsaitin daxil olduğuna əmin olmaq mümkündür.
Hesabladığımız bu nəticələri internetdə mövcud olan rəqəmlərdə də görmək mümkündür. Məsələn, Sinqapurda bu yarışa görə əldə olunan turizm gəlirləri 150 milyon dollar göstərilir. Abu Dabidə bu rəqəm 300 milyon dollardan yuxarı hesablanır.
Monakoda illik turism gəlirlərinin üçdə biri F1 yarışlarının hesabına əldə olunur. Amerikada Formula 1 yarışlarına görə iqtisadi aktivlikdən əldə edilən qazanc Austində 400 milyon dollar, Las Veqasda hətta 1 milyard dollara qədər çata bilir.
Azərbaycanda Formula 1 yarışlarına görə ümumi gəlirlər illik 100 milyon dolların üzərindədir. Bu isə yarış üçün çəkilən iştirak haqqı və digər təşkilati xərclərin bağlandığını və ümumi iqtisadi qazanc əldə olunduğunu ortaya çıxarır.
Formula 1 və iqtisadiyyat
Sadə və təxmini hesablamalarla Formula 1 yarışından əldə olunan maliyyə nəticələrinə nəzər yetirdik. İnternetdə mövcud olan bəzi məlumatlar da hesablamalarımızın yaxın olduğunu göstərir.
Əslində bu yarışın ölkə üçün yaratdığı imkanlar və üstünlüklər çoxdur. Bununla belə, cəmiyyət arasında bu yarışa müəyyən neqativ münasibət də az deyil.
Digər üstünlüklərə toxunmadan öncə, birtərəfli yanaşma olmaması üçün, insanlarda neqativ münasibətin yaranma səbəblərinə də nəzər yetirmək yerinə düşər.
Niyə Formula 1 Bakıda keçirilməsin?
Hər kəs razılaşar ki, insanlarda Formula Bir yarışlarının Bakıda keçirilməsinə qarşı yaranan narazılıq əsas iki səbəbdən doğur: 1) iqtisadi ziyan; 2) şəhərin mərkəzində yaranan tıxac və narahatlıqlar.
Maliyyə göstəricilərinə artıq nəzər yetirdik. Bir qədər sonra əlavə iqtisadi faydalara da diqqət yetirəcəyik. Deməli, birinci səbəbin yaratdığı narahatlığa ehtiyac yoxdur.
Lakin ən çox neqativlik yaradan ikinci məsələ, tıxac və onunla əlaqəli narahatlıqlar bir qədər fərqlidir. Bu səbəblər göz önündədir və həqiqətən, insanları ciddi şəkildə narahat edir.
Onsuz da tıxac problemi olan şəhərdə bu yarışın keçirilməsi, nəinki yarış həftəsində, hətta aylar öncədən əlavə tıxac problemləri yaradır.
Bəlkə də bunun həll yolları var və onları düşünmək lazımdır. Ancaq onu da bilirik ki, Formula 1 yarışı tıxacın yeganə səbəbi deyil və bu yarış olmadan da tıxac problem mövcuddur. Formula 1, sanki mövcud olan oda bir az da körük vrur.
Bu yerdə Sinqapur qran-prisinə toxunmamaq olmur. Bu yarış da şəhər halqasında keçirilir və Azərbaycandan fərqli olaraq, ölkə sadəcə bir şəhərdən ibarətdir. Üstəlik, həmin şəhərdə Bakıdan iki dəfə çox, yəni 6 milyon insan yaşayır.
Yarış həftəsində şəhərə əlavə olaraq yarım milyondan çox turist gəlir. Bununla belə, bu şəhərdə tıxac problemi və narahatlıq Bakıdakı qədər deyil. Bakı hara, Sinqapur hara deyə bilərsiniz. Lakin əlimizdə belə bir nümunə varsa, deməli problem şəhər halqası məsələsi deyil.
Nəhayət, hər kəs avtosport yarışlarını sevməlidir deyə bir yanaşma gözləmək də doğru deyil. Kiməsə maraqlı olmayan bir məsələyə görə büdcə və diqqət ayrılması istər-istəməz insanlarda narazılıq yaradır.
Ona görə də istənilən halda, müəyyən narazı qrupların yaranması qaçılmazdır. Bəlkə də gələcəkdə Azərbaycanı bu çempionatda bir komanda və ya bir pilot təmsil etsə, bu yarışa olan münasibət fərqli ola bilər.
Ümid edək ki, harda keçirilməyindən asılı olmayaraq, Azərbaycan bu yarışda iştirakı kimi təmsil olunmaq imkanı da əldə edəcək. Digər mövcud problemləri azaltmaq istiqamətində doğru addımlar atılsa, yəqin ki, qarşılıqlı anlayış və dəstək əldə etmək mümkündür.
Yarışdan başqa nə əldə edirik?
Formula 1 yarışına sadəcə maliyyə rəqəmləri kimi baxmaq doğru olmazdı. Dünya səviyyəsində tanınan və sevilən bu yarışın gətirdiyi üstünlüklərin bəzilərinə yuxarıda toxunduq.
Yarışa ev sahibliyindən əldə olunan əlavə üstünlüklərin sayı və xırdalıqları əslində çoxdur. Onların hər birini analiz etsək yazını tamamlaya bilmərik. Ancaq bəzilərini qeyd etməsək mövzu natamam qalar.
Məsələn, Formula 1 avtomobili yollarda sadəcə 3 gün ərzində sürülsə də, bu yarışa hazırlıqlar aylar öncə başlayır. İnfrastrukturun qurulması, müxtəlif logistika işləri, lazımi mal və materialların alınması, təlimlər və bu kimi onlarla fəaliyyət növləri sadalamaq olar.
Bütün bu işlər iqtisadi fəallıq deməkdir. İqtisadi fəallıq isə əlavə iş yeri və qazanc yaradır. Eyni zamanda, yeni və fərqli iş növləri, ən aşağıdan idarəetmə vəzifələrinə qədər, yeni iş təcrübəsi yaradır. Bütün bu iqtisadi aktivlik fonunda pul dövriyyəsi və ticarət artımı əldə olunur.
Doğrudur, bu yarış olmasa idi, milyonlarla xərc olmayacaqdı. Vəsait cibimizdə qalacaqdı. Ancaq, onu da bilirik ki, nəticədə pul xərcləmədən iqtisadi artım əldə etmək və inkişaf etmək də mümkün deyil.
Alternativ nədir?
İqtisadi inkişaf üçün lokomotiv, dartıcı rolu oynaya bilən müəyyən hadisələr var. Hər bir iri layihə, idman tədbiri iqtisadi aktivlik və artım deməkdir. Bu mövzu haqda yazmaq istədiklərim bir qədər genişdir və bir yazı ilə onu əhatə etmək mümkün deyil.
Əslində, Formula 1 yarışı haqqında məqalə yazmağım, təkcə növbəti həftə ev sahibliyi edəcəyimiz tədbiri işıqlandırmaq məqsədi güdmür. Əsas məqsəd “iqtisadi fəallıq və dartıcı qüvvələr” mövzusunda seriya yazılarını yaratmadır və bu yazı həmin seriyadan ilk məqalədir.
Növbəti yazılarımızda iqtisadi artım mövzusunda təhlillərimizi davam etdirəcəyik. BU mövzunu isə ritorik bir sualla yekunlaşdıra bilərik.
Bəs Formula 1 yarışının yerinə daha faydalı iş görmək olmazdımı? Daha çox gəlir gətirən, daha çox faydaları olan. Əlbəttə ki, bu vəsaiti başqa bir layihəyə də sərf etmək olar.
Ancaq bu səviyyədə iqtisadi fəallıq yarada bilən layihə müəyyən etmək asan məsələ deyil. Belə layihənin müəyyən edilməsi və cəlb edilməsi qalsın bir kənara, sonunda bu qədər yüksək və isbatlanmış müsbət effektlər əldə etməyin mümkünlüyü də ayrı bir mövzudur.
İri həcmli layihələrin icrası, əhəmiyyətli tədbir təşkilatçılığı və bu layihələrdən əldə edilən təcrübələr olduqca faydalıdır və nə qədər çox olsa, o qədər xeyirlidir. Çünki uğurla təşkil olunan belə tədbirlər, təkcə ölkənin adını yüksəltmir.
Bu kimi layihələr həm də növbəti iri layihələrə ev sahibliyi etmək üçün lazımi bacarıqların əldə edilməsinə imkan yaradır. Ölkədə belə imkanların mövcudluğunu beynəlxalq səviyyədə ortaya qoyur. Nəticədə təkcə idman və əyləncə deyil, həm də iqtisadi artım əldə olunur.







Beləliklə,
Bizə Formula 1 yarışları lazımdırmı? Bir sıra amilləri təhlil edib aydınlaşdırmağa çalışdıq.
Nəticələr bir çox mənada daha müsbət görünür. Əgər ölkə iqtisadiyyatına maddi faydası varsa, bir çox digər sahələrdə üstünlüklər verirsə, xeyiri ziyanından çoxdursa, niyə də yox?
