Müştərək mülkiyyətli daşınmaz əmlakların idarə edilməsi və baxımı sektoru bu sahədən uzaq insanlar üçün maraqsız görünsə də, əslində hər birimizin həyatına sıx-sıx toxunan çox önəmli fəaliyyət sahəsidir. Eləcə də, bu sektorunu araşdırarkən Dubay təcrübəsi haqqında danışmamaq olmaz.
Çox sürətlə böyüyən Dubayda yüksəkmərtəbəli, çoxfunksiyalı və texnoloji baxımdan qabaqcıl binaların tikilməsi bütün dünyanın diqqətini haqlı olaraq üzərinə çəkir. Lakin əmlakların tikintisi işin sadəcə görünən tərəfidir.
Bu əmlakların istismar edilməsi və səmərəli idarə olunması da önəmli məsələdir və ümumi prosesin davamıdır. Dubayda əmlakların idarə edilməsi sahəsində aparılan islahatlar, müvafiq qanunvericilik və qaydaların qəbul edilməsi bu binaların daha effektiv idarə edilməsi üçün əlverişli mühit yaradır.
Şəhər həyatının ayrılmaz hissəsi olan ortaq mülkiyyətli daşınmaz əmlakların, xüsusilə çoxfunksiyalı binalar, rezidens və yaşayış komplekslərinin istismarı əmlakların idarə edilməsi sektorunun fəaliyyətindən asılıdır.
Bu araşdırma məqaləsi ilə əmlakların idarə edilməsində Dubay təcrübəsi və ona xas olan xüsusiyyətləri təhlil etməyə çalışacağıq. Məqalədə əhatə olunan əsas mövzular:
Binaların idarə edilməsində Dubay təcrübəsi necə fərqlənir?
İnternetdə axtarış verib Dubay şəhərinin təxmini 30 il əvvəlki və indiki görünüşünə baxdıqda qarşımıza çıxan mənzərədən heyrətlənməmək mümkün deyil. Uca və gözoxşayan binalar, geniş prospektlər, parklar, əyləncə və ticarət mərkəzləri, yaşayış kompleksləri, dünya üzrə onlarla “ilk” və “ən” titullarına malik olan elit şəhərlərdən biri…
Səhralıq ərazidə salınmış, çox vaxt isti, olduqca bahalı, lakin dünyanın ən cəlbedici və turistik şəhərlərindən biri olan Dubayın sürətli inkişafı bir çoxumuz üçün bəlkə də təəccüblü görünmür. Bütün bunları “neft pullarının gücü” adlandıraraq təəccübümüzü gizlətməyə çalışırıq.
Əslində, belə nəticədə əsas aparıcı qüvvə doğrudan da neft pullarıdır, ona heç kim şübhə etmir. Lakin qısa müddətdə şəhərin belə sürətli qurulması, böyüməsi və indiki vəziyyətə çatması sadəcə pulun görəcəyi iş deyil. Düzgün planlama, idarəetmə və tənzimləmə bu dəyişiklikdə əsas rol oynayan amillərin başında gəlir. İlk olaraq, gəlin əmlakların idarə edilməsi sektorunda Dubay təcrübəsini fərqləndirən iki xüsusiyyətə nəzər yetirək.
Sürətli böyümə
Bu yazıda məqsədimiz əlbəttə ki, Dubayı və ya onun idarəçilərini tərifləmək deyil. Şəhərin qüsursuz və ya problemsiz olduğunu da iddia etmək yanlış olardı. Vurğuladığımız məqam odur ki, belə sürətlə dəyişən və böyüyən şəhəri planlamaq, inşa etmək, milyonlarla sərmayəçiləri və turistləri cəlb etmək, tikililəri və əmlakları idarə etmək yəqin ki, “neft pulundan” daha artığını tələb edir.
Başqa sözlə, inşa edilən hündür və çoxfunksiyalı binaların, müxtəlif növ əmlakların idarə edilməsi, onların istismarı və saxlanması toxunmaq istədiyimiz əsas diqqət nöqtəsidir. Bu qədər sürətlə böyüyən bir şəhəri, milyonlarla mülkiyyətçiyə məxsus olan əmlakları necə səmərəli idarə etmək olar?
Necə etmək olar ki, daha çox turis cəlb olunsun, daha rahat yaşayış təşkil olunsun, daha çox sərmayə gəlsin, daha çox insan razı qalsın? Beləliklə, binaların idarə edilməsində Dubay təcrübəsi dedikdə, ilk fərqləndirici cəhət şəhərin çox sürətlə, lakin uğurlu formada böyüməsidir.
“Ən”-lər və “ilk”-lər şəhəri
Dubay təcrübəsini fərqləndirən ikinci cəhət bir çox texnoloji yeniliklərin və innovasiyaların ilk dəfə bu şəhərdə tətbiq olunmasıdır. Bu yeniliklərin adları və tətbiq sahələri çoxdur. Onların bəzilərinə nəzər yetirək:
- İlk dəfə simsiz internet şəbəkəsi qurulan şəhər Dubaydır. 1999-cu ildə tətbiq edilən bu yenilik sonrakı innovasiyalara və bizneslərin inkişafına əhəmiyyətli dərəcədə dəstək oldu.
- Sürücüsü olmayan taksi xidməti istifadə edən ilk şəhər də Dubaydır.
- Dronlarla qida və dərman çatdırılması xidməti də ilk dəfə Dubayda tətbiq edilməyə başlayıb.
Şəhər həm də bir çox “ən” tituluna malikdir. Məsələn, dünyanın “ən hündür binası”, Bürc Xəlifə bu şəhərin əsas simvollarından biridir. O cümlədən, həmin binada xidmət edən liftlər dünyanın “ən sürətli liftləri” hesab olunur.
Dünyanın “insan tərəfindən yaradılmış ən böyük adası” Palm-Cümeyrə Dubayın sahilindədir. Dünyanın “ən böyük ticarət mərkəzi” Dubay Mall hesab olunur. Dünyanın ən bahalı oteli Bürc Əl-Ərəb də Dubayda yerləşir. “Ən böyük tematik park”, “ən bahahlı fontan”, “ən böyük daxili akvarium”, “ən böyük daxili botanika bağı” və sairə və sairə.
Diqqət edirsinizsə, qeyd olunan “ən”-lərin bir çoxu daxili məkanlarda yerləşir. Bu, əlbəttə ki, iqlimin sərtliyi və ilin əksər günlərində bayırda qalmağın çətinliyindən irəli gəlir. Lakin bu cəhət başqa bir məsələni də üzə çıxarır. Daxili məkan – bina, daşınmaz əmlak deməkdir, hansısa avadanlıq, qurğu və landşaft deməkdir. Bu əmlakların və avadanlıqların idarə olunması, istismarı və baxımı isə onların inşası qədər əhəmiyyətli və qaçılmazdır.
Əmlakların idarə edilməsi sektorunda tənzimlənmə nə deməkdir?

Dubay təcrübəsinə xas olan ən önəmli xüsusiyyətlərdən biri ondan ibarətdir ki, əmlakların idarə olunması sahəsi Dubayda iqtisadiyyatın “tənzimlənən” sahəsi hesab olunur. Tənzimlənmə termini nəzarət terminindən fərqlidir. Tənzimlənmə dedikdə, sırf bu sektora xidmət edə dövlət institutlarının yaradılması, ona məxsus ayrıca qayda və tələblərin tətbiq olunması nəzərdə tutulur. Eynilə tənzimlənən bank sektoru kimi.
Duayda ilk dəfə Müştərək mülkiyyətli daşınmaz əmlak haqqında qanun 2007-ci ildə qəbul olunub. Əslində bu elə də uzaq tarix deyil. Daha öncə bu sektora aid edilən hər hansı xüsusi qanun və qaydalar yox idi. Nəticədə, mülkiyyətçilərin hüquq və öhdəlikləri tamamilə qeyri-müəyyən olaraq qalırdı və yaranan mübahisələri həll etmək çətin idi.
Bu qanun Dubay Əmirliyində ortaq mülkiyyətli daşınmaz əmlak məsələlərini, mülkiyyətçilərin hüquq və vəzifələrini müəyyənləşdirərək şəffaf və aydın hüquqi çərçivələri müəyyən etdi. Sürətlə dəyişən şəhər və yeniliklərin fonunda, bu qanun 2019-cu ildə bir daha yeniləndi.
Onu da vurğulamaq lazımdır ki, Dubayın müştərək mülkiyyətli daşınmaz əmlak haqqında qanununda dünya təcrübəsinin əks olunduğu nəzərə çarpır. Tələbləri və qaydaları analiz etdikdə hiss olunur ki, bu sahədə kifayət qədər uğurlu təcrübələrin araşdırıldığı, ən uyğun və əlverişli hesab olunan cəhətlərin diqqətə alındığı ortadadır.
Bu qaydaları analiz etmək məqaləmizin əsas məqsədindən bir az kənara düşür. Ona görə də bu yazıda sadəcə sektorun ən önəmli xüsusiyyətlərinə nəzər yetirməklə kifayətlənəcəyik. Bunun üçün, ilk öncə gəlin Dubayda bu sektorun necə tənzimlənməsinə aydınlq gətirək və üç vacib dövlət qurumunun fəaliyyətinə diqqət yetirək.
Dubay Torpaq Departamenti
Dubay Torpaq Departamenti (“DTD”, ingiliscəsi “Dubai Land Department” və ya “DLD”) Əmirlikdə daşınmaz əmlak sektorunu tənzimləyən əsas dövlət institutudur. Mahiyyət etibarilə bu qurum, Azərbaycan timsalında Əmlak Məsələləri Dövlət Xidmətinin (“ƏMDX”) oxşarı hesab oluna bilər. Belə ki, hər iki qurumun əsas vəzifələri demək olar ki, eynidir.
Məsələn, DTD-nin əsas fəaliyyətinə aşağıdakılar daxildir:
- Dubayda yerləşən bütün əmlakların və torpaq sahələrinin qeydiyyatı
- Mülkiyyət sertifikatlarının verilməsi
- Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti
- Daşınmaz əmlak sahəsində təhlilər, yeni təcrübələrin öyrənilməsi
- Əlverişli investisiya mühitinin yaradılması və təşviqi və sairə
ƏMDX əsasnaməsində də yuxarıda qeyd olunan vəzifələr aşağı-yuxarı eynilə əks olunur. Lakin əsas fərqləndirici cəhət ondan ibarətdir ki, DTD dövlət nəzarəti funksiyasından başqa, həm də sektoru tənzimləmə funksiyası daşıyır. Məsələn, DTD sektora aid qanun və tələbləri birbaşa formalaşdıra və tətbiq edə bilər. Qurumun bu funksiyasına bir qədər sonra təkrar qayıdacağıq.
Digər tərəfdən, həm vəzifələrinə, həm də hüquqlarına görə, ƏMDX-in sadəcə nəzarətedici və dəstəkverici orqan kimi fəaliyyət göstərir. Məsələn, bu sektor üzrə tənzimləyici norma və aktların hazırlanmasında bu qurumun sadəcə iştirakçı, rəy və təklif verici formada iştirakı öz əsasnaməsində əks olunur.
Fərqi izah etmək üçün daha bir nümunə daşınmaz əmlak sektorunda investisiya mühitinin təşviqi ilə bağlıdır. DTD-nin əsas vəzifələrindən biri investisiya mühitinin yaxşılaşdırılması və bütün növ əmlaklar üzrə yeni investisiyaların cəlb olunmasına nail olmaqdır. Sərmayə cəlb edilməsi məsələsində, ƏMDX-nin vəzifələrinə isə, dövlət əmlakının idarə olunması və onun özəlləşdirilməsi prosesləri daxil edilir.
Əlbəttə, qeyd olunan müqayisələr bütün xüsusiyyətləri tam olaraq nəzərə almır. Müxtəlif ölkələrdə funksional bölgülər ayrı-ayrı qurumlar üzrə fərqli bölünə bilər. Həmçinin, qanunların qəbulu və icra prosesləri də ölkələrin quruluş və idarəetmə formasına görə fərqlənə bilər.
Ona görə də burada “tənzimləmə” yoxsa “nəzarət” funksiyalarından hansının daha üstün olmasını analiz etmirik. Qeyd etmək istədiyimiz nüans, sadəcə göstərilən iki nümunədə əsas fərqləri izah etmək və Dubay təcrübəsində daşınmaz əmlak sektorunun xüsusi institutlarla tənzimlənməsi təcrübəsinin diqqətə çatdırmaqdır.
Daşınmaz Əmlakın Tənzimləmə Agentliyi
“Daşınmaz Əmlakın Tənzimləmə Agentliyi” (“DƏTA”, ingiliscəsi “Real Estate Regulatory Agency” və ya “RERA”) adlı dövlət orqanı Dubayda bu sektorunun tənzimlənməsini təşkil edən qurumun adıdır. DƏTA əslində DTD-nin tənzimləmə funksiyalarını yerinə yetirən xüsusi qoludur.
Bu məqsədlərə nail olmaq üçün agentliyin geniş səlahiyyətləri mövcuddur. Məsələn, yuxarıda bəhs olunan müştərək mülkiyyətli əmlaklar haqqında qanun məhz bu orqan tərəfindən hazırlanıb və qəbul olunub. Agentlik, bunun kimi, daşınmaz əmlak sektoruna aid müxtəlif qanun və aktların hazırlanması və qüvvəyə minməsini təmin edir.
Lakin DƏTA-nin səlahiyyətləri təkcə qanunvericilik formalaşdırmaqla yekunlaşmır. Aşağıda, agentliyin vəzifələrinə daxil olan digər fəaliyyətlərə də nəzər yetirək:
- Ortaq mülkiyyətçilər arasında mübahisələrin həll edilməsi
- Əmlakların inspeksiyası və qanunlara uyğunluğunun təsbit edilməsi
- Qanun pozuntusu hallarında tikinti şirkətlərinə, idarəedici təşkilatlara və digər tərəflərə müvafiq intizam tədbirlərinin tətbiqi
Agentliyin başqa səlahiyyətləri də mövcuddur. Əmlakların tikintisi, idarə edilməsi və bu sahədə fəaliyyət göstərən idarəedici şirkətlərin, eləcə də mülkiyyətçi assosiasiyalarının fəaliyyətinə də DƏTA tərəfindən nəzarət olunur. Qısacası, bu qurumun tətbiq etdiyi qanun və tələblər ekosistemin bütün iştirakçılarını əhatə edir. Binaların idarə edilməsi sektoru üzrə agentliyin fəaliyyətinə aşağıdakılar daxildir:
- Binaların idarə edilməsinə məsul olan əsas təşkilatların, yəni “Mənzil mülkiyyətçilərinin assosiasiyalarının” qeydiyyata alınması və onların fəaliyyətinin tənzimlənməsi
- Binaların idarə edilməsini təmin edən idarəedici təşkilatların qeydə alınması və onların fəaliyyətinin təşkili
- Xidmət haqqı, yəni kommunal haqqı qiymətlərinin təsdiqlənməsi
- Tərəflər arasında yaranan mübahisələrin həll edilməsi və sairə
Daşınmaz Əmlakın Tənzimlənməsi Agentliyinin vəzifələrini daha geniş sadalamaq və təhlil etmək olar. Lakin çox detala girmədən, bu sektorun tənzimlənməsində fəal rolu olan daha bir dövlət təşkilatının faəliyyətinə də nəzər yetirək.
İcarə Mübahisələrinin Həlli Mərkəzi
Dubayda Daşınmaz əmlak sektorunun inkişafına töhvə verən, sektorun tənzimlənməsində özəl rolu olan daha bir dövlət qurumu İcarə Mübahisələrinin Həlli Mərkəzidir (“İMHM”, ingiliscəsi “Rental Disputes Settlement Center” və ya “RDSC”). Adından da göründüyü kimi sırf əmlak məsələlərinə baxan bu təşkilat əslində məhkəmə funksiyalarını icra edir.
Bir sıra ölkələrdə, o cümlədən Azərbaycan nümunəsində, sadəcə daşnmaz əmlak sahəsindəki mübahisələrə baxan ayrıca məhkəmə orqanı mövcud deyil. Dubaydakı bu təşkilatın adı birbaşa məhkəmə orqanı kimi hallanmasa da, əslində daşınmaz əmlak sektoru üçün məhkəmə funksiyalarını yerinə yetirir və məhkəmənin alternativi hesab olunur.
DTD-nin bir qolu olan bu təşkilatın qərarları lazımi səlahiyyətə malik olmaqla, həm də bütün tərəflər üçün məcburidir. Bu qurumun fəaliyyətini effektiv edən əsas amillər onun sürətli olması, işlərə daha tez baxılması, qərarların məcburi xarakterdə olması, hamı üçün əlçatan və ödənişsiz olması və ən əsası da, məhz daşınmaz əmlak sektoru üzrə ixtisaslaşmasıdır.
Mərkəzin fəaliyyətini daha yaxşı anlamaq üçün gəlin, onun məsul olduğu əsas vəzifələrə nəzər yetirək:
- İcarə, baxım xidmətləri, xidmət haqqı və digər əlaqəli məsələləri əhatə edən və mülkiyyətçi ilə icarəçi arasında olan mübahisələrin həll edilməsi
- Mübahisələrin həlli məqsədilə qərarların verilməsi və qərarın məcburiliyi
- Tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi
- İctimaiyyəti icarə hüquqları və öhdəlikləri barədə bilgiləndirməsi
Dubayda əmlak sektorun tənzimlənməsi mövzusunda yuxarıda qeyd etdiklərimiz yəqin ki, buradakı ümumi mənzərəyə bir qədər də olsa işıq salmağa kifayət edir.
Başqa bir yazıda mülkiyyətçilərin hüquq və öhdəlikləri, əmlakların idarə edilməsi, xüsusilə “Mənzil mülkiyyətçiləri assosiasiyasının” fəaliyyətinə daha ətraflı nəzər yetirəcəyik. Növbəti hissədə tənzimlənmə prosesində tətbiq edilən bir neçə layihəyə nəzər yetirməklə məqaləni tamamlamaq olar.
Sektorda tətbiq olunan layihələr

Dubayda daşınmaz əmlak sektorunun fəaliyyətinin tənzimlənməsi, qeyd etdiyimiz kimi, DƏTA (“RERA”) tərəfindən həyata keçirilir. Bu məqsədlə, agentlik üçüncü tərəfləri cəlb etməklə müxtəlif araşdırmalar və analizlər aparır və bir sıra dövlət proqramlarının təşəbbüskarı və icraçısı kimi çıxış edir. Agentlik tərəfindən həyata keçirilən bəzi proqramlara nəzər yetirək.
EJARİ layihəsi
Ərəbcədən tərcümədə “icarə” mənasını verən EJARİ, icarə müqavilələrinin online qeydiyyatı platformasıdır. Bu layihə 2007-ci ildə DƏTA tərəfindən tətbiq edilməyə başlayıb və mülkiyyətin növündən asılı olmadan, istənilən əmlakla əlaqəli bütün icarə müqavilələrinin qeydiyyatını aparır.
Başqa sözlə, istər yaşayış binası olsun, istər kommersiya, istərsə də istehsal sahəsi, Dubayda ərazisində bağlanmış bütün növ icarə və kirayə müqavilələrinin 30 gün ərzində bu sistemdə qeydiyyata salınması icbaridir.
Müqavilə qeydiyyata düşdükdə, ona xüsusi identifikasiya nömrəsi verilir. Bu nömrə bütün sonrakı əməliyyatlarda, məsələn, mülkiyyətçinin dəyişməsi, kommunal hesabın açılması, əcnəbilərə viza və qalmaq icazəsinin alınması və digər xidmətlərin göstəriləməsi üçün istifadə olunur.
EJARİ platformasının əsas məqsədi icarə bazarına xidmət, sektorun inkişafı üçün sağlam və əlverişli mühit yaratmaqdır. Bu proqram həm mülkiyyətçilərə, həm də icarəçilərə dəstək olmaqla, onların hüquqlarının qorunmasına zəmin yaradır. Platformanın əsas üstünlüklərini və ya hədəflərini aşağıdakı kimi ümumiləşdirmək olar.
- Şəffaflıq yaradır: EJARİ bütün icarə müqavilələrinin ədalətli hazırlanmasına şərait yaradır. İcarə şərtləri, icarə qiyməti, müqavilənin müddəti, xidmətlərin göstərilməsi kimi şərtlər qeydə alınmaqla bütün tərəflər üçün şəffaflığı və əlçatanlığı təmin edir.
- Mübahisələrin həllinə dəstək olur: Platforma yaranmış icarə mübahisələrinin həlli üçün mexanizmlər yaradır. Əgər mülkiyyətçi və ya icarəçi nədənsə narazı olduqda və ya mübahisə yarandıqda, hər hansı tərəf DƏTA-ya şikayət edə bilir. İlk etapda mediasiya xidməti, daha sonra isə DƏTA-nın müvafiq qərarı ilə məsələ həll olunur.
- İcarəçi hüquqlarının qorunmasını təmin edir: Nümunə olaraq, EJARİ mülkiyyətçilərin icarəçiləri səbəbsiz olaraq mənzildən və ya obyektdən çıxarmasını əngəlləyir. Müvafiq prosesi tamamlamadan icarə müqaviləsinə xitam verilməsini mümkünsüz edir. Digər bir nümunə kimi, müqaviləyə xitam verildikdən sonra təminat depozitinin 30 gün ərzində icarəçiyə geri qaytarılmasını tələb edir.
Mollak Dubai layihəsi
DƏTA tərəfindən 2017-ci ildə start verilən “Mollak Dubai” portalı, Dubay ərazisində yerləşən bütün növ müştərək mülkiyyətli daşınmaz əmlaklarda xidmət haqqı ödənişlərinin monitorinqi və tənzimlənməsi məqsədini güdür. Portaldan istifadə bütün əmlak mülkiyyətçiləri və idarəedici təşkilatlar üçün icbaridir.
Hər bir əmlak mülkiyyətçisinin təmsilçisi (Azərbaycan nümunəsi ilə izah etsək, MMMC və ya MTK), eləcə də hər bir idarəedici təşkilat bu online platformada qeydiyyatdan keçməli və bir sıra məlumatları bu portala daxil etməlidir.
Bina mülkiyyətçisi tərəfindən təqdim olunan məlumatlara misal olaraq, binanın adı, ünvanı, mənzillərin sayı, sahəsi, göstərilən baxım xidmətləri üçün təyin olunmuş və təsdiqlənmiş kommunal xidmət haqqı və digərlərini qeyd edə bilərik.
Beləliklə, sahə mülkiyyətçiləri göstərilən xidmətlərə görə yaranmış borcları barədə məlumatları buradan izləyə bilir. Əlavə olaraq, bu borcların ödənişi də həmin portal üzərindən həyata keçirilir. Paralel olaraq, idarəedici təşkilatlar da əldə etdikləri ödənişləri bu portal üzərindən izləyir və hesablarını oradan idarə edirlər. Eyni zamanda, xidmət haqqı və ödənişlər barədə şikayətlərin təqdim edilməsi və həll olunması prosesləri də həmin portalda icra olunur.
Mollak Dubai proqramı əmlak sektorunda xidmət haqqı ödənişlərinin effektiv təşkil edilməsində, şəffaflıq və məsuliyyətin təmin edilməsində mühüm rola malikdir. Tərəfləri müxtəlif hesabatlarla təmin etmək, mübahisələri həll etmək, qanunvericilik tələblərini istifadəçilərə izah etmək, onlara istiqamət verək kimi funksiyalara malikdir.
Daşınmaz Əmlakların Tənzimləmə Agentliyi və Dubay Torpaq Departamenti tərəfindən təqdim olunan başqa layihələr də mövcuddur. Məsələn, Dubai REST əmlak bazarı haqqında data və analizlərlərin cəmləndiyi faydalı və önəmli platformalardan biridir.
Bütün bu layihələri tək-tək sadalamaq və onların detallarına enmək bizim məqaləmisin əsas hədəfi deyil. Yuxarıda haqqında danışdığımız layihələr tənzimlənən əmlak sektoru haqqında ümumi mənzərə yaratmağa yəqin ki, kifayət edir.
Sadəcə onu vurğulamaq yerinə düşər ki, bütün bu layihə və proqramların ümumi olaraq əsas məqsədi daşınmaz əmlak sektorunda effektifliyə, şəffaflığa və səmərəliliyə nail olmaq, sektorun inkişafı üçün əlverişli mühitin yaradılmasını təmin etməkdir.
Beləliklə,
Bu məqaləmizdə binaların idarə edilməsi sektorunda Dubay təcrübəsi və onun fərqləndirici xüsusiyyətlərinə nəzər yetirdik. Dubayda daşınmaz əmlak bazarının inkişafı və bu əmlakların idarə edilməsində tətbiq edilən yanaşmaları qısa da olsa təhlil etdik.
Yazıda tənzimlənən əmlak sektoru nümunəsini təsvir etməyə çalışdıq və belə bir bazarda mühüm rol oynayan əsas institutların fəaliyyətinə göz gəzdirdik. Daşınmaz Əmlakın Tənzimləmə Agentliyi və onun təqdim etdiyi bəzi proqramları yığcam formada araşdırdıq.
Nəticədə, əminliklə qeyd edə bilərik ki, sürətli inkişafı və fərqliliyi ilə bütün dünyanın diqqətini cəlb edən Dubay şəhərində əmlakların idarə edilməsi təcrübəsinin öyrənilməsi sadəcə sıradan biz bazarın öyrənilməsi kimi qəbul edilməməlidir.
Tənzimlənən sektor kimi fəaliyyəti, innovativ həllərin tətbiqi, ən müxtəlif sərmayəçilərdən çox böyük investisiyaların cəlb edilməsi və idarə olunması kimi xüsusiyyətləri özündə cəmləyən Dubay bazarı bütün maraqlı tərəflər üçün çox faydalı təcrübələr təqdim edir.