Bu ilin İyul ayında Sinqapurda əmlakların idarə edilməsi və gələcəyin iş yerləri mövzusunda beynəlxalq konfransda iştirak etmək imkanımız oldu. Dünyanın ən planlı şəhərlərindən biri olan Sinqapurda əmlakların idarə edilməsi təcrübəsi, əlbətə bir çoxumuzda maraq oyadır.
Bu və sonrakı bir neçə yazımızda daşınmaz əmlakın idarə edilməsi sektorunun Sinqapur təcrübəsini analiz etməyə çalışacağıq. Sinqapur təcrübəsi, nəinki əmlakların idarə edilməsi, eləcə də bir sıra digər sektorların inkişafı baxımından diqqətə alınmalı, öyrənilməli təcrübələrdəndir.
Xüsusilə, yaşıl şəhər, dayanıqlı nəqliyyat, enerjinin idarə olunması, ağıllı şəhər ideyaları və digər infrastruktur elementləri bu şəhər dövlətinin qısa müddətdə əldə etdiyi ən böyük nailiyyətlərdən biridir.
Sinqapur təcrübəsi haqqında olan bu ilk yazıda isə aşağıdakı mövzuları əhatə etməyə çalışacağıq:
Sinqapur niyə və necə fərqlənir?
İlk öncə ondan başlamaq lazımdır ki, Sinqapur sadəcə bir şəhərdən ibarət olan və adada yerləşən şəhər-dövlətidir. Ölkə Cənub-Şərqi Asiyada Ekvatora yaxın ərzidə Sakit Okean və Hind Okeanının kəsişməsində yerləşir.
1965-ci ildə Britaniya müstəmləkəçiliyindən qurtularaq və Malayziyadan ayrılaraq müstəqillik elan edən Sinqapur çoxmillətli dövlətdir. Təxmini 6 milyonluq əhalisinin 74%-i çin, 13%-i malay, 9%-ə yaxın hissəsi isə hind mənşəlidir. Qalanları isə digər etnik qrupları təmsil edir.
60 illik müstəqillik dövründə Sinqapurun əldə etdiyi sürətli iqtisadi inkişaf dünyada hər kəsi heyran qoydu. Nəticədə, kiçik olmasına baxmayaraq Asiya Pələngi adını alan 4 ən inkişaf etmiş Asiya dövlətlərinin sırasına adını yazdıra bildi.
Sinqapur iqtisadiyyatı
Adada yerləşən və bir şəhərdən ibarət kiçik dövlət olsa da, Sinqapurun iqtisadi inkişaf modeli hər zaman diqqət çəkir. Xüsusilə dayanıqlı infrastruktur, yaşıl və ağıllı şəhər modeli, yüksək həyat səviyyəsi bu şəhəri digərlərindən fərqləndirən əsas cəhətlərdəndir.
Ölkənin sürətli inkişafını təmin edən əsas faktor onun əlverişli coğrafi mövqeyi olmuşdur. Belə ki, əhəmiyyətli dəniz nəqliyyatının üzərində yerləşməsi nətiəsində Çin, Yaponiya və Korea kimi Asiya nəhənglərinin Avropa və Yaxın Şərqlə ticarət əlaqlələri dəniz yolu ilə bu liman şəhərinin üzərində qurulub.
Dünyanın ən məşğul limanı olan Sinqapur dünya səviyyəsində əsas nəqliyyat mərkəzlərindən biri olmaqla yanaşı, həm də re-eksport fəaliyyəti ilə məşğul olur. Ona görə də Sinqapur həm də ən böyük ticarət mərkəzlərindən biridir.
Bütün bunlarla yanaşı, kifayət qədər inkişaf etmiş maliyyə sektoru və bank xidməltəri isə onun ticarət və nəqliyyat sektorlarındakı gücünə əlavə güc qatır.

Sinqapurda turizm
Bütün ölkə bir şəhərə sığışdırıldığı üçün, Sinqapurda əslində çox şey var. Ölkənin bütün infrastrukturu, iqtisadiyyatı, idarəetmə orqanları, ticarəti, istehsalı, yaşayış sahələri – hamısı bir şəhərdə toplanıb.
Bununla belə, Sinqapurda bəzi iri Asiya dövlətlərində olduğu kimi basırıqlıq, həddən artıq yüklənmə, nəqliyyat tıxacları kimi problemlər demək olar ki, yoxdur.
Altı milyona yaxın əhalisi olsa da, 2023-cü ilin göstəriciləriniə görə il ərzində 13.6 milyon turist qəbul edib. Bəli, bir şəhərdən ibarət ölkə öz əhalisinin sayından iki dəfədən də çox turisti cəlb etməyi bacarıb.
Tursitləri cəlb edən əsas səbəblərə gəldikdə isə, Sinqapurun yaratdığı möcüzələri görmə istəyi ilə yanaşı, şəhərin dünyada ad çıxaran bir sıra ikonik yerləri və infrastrukturudur. Yaşıllıqlar içində olan şəhər, maraqlı tikililər, fərqli mədəniyyətlərin bir arada rahat yaşaması…
Məsələn, şəhərin belə ikonik yerlərindən biri Körfəz bağıdır. Üç fərqli bölümdən ibarət bağ ekzotik və nadir bitkiləri və quruluşu ilə diqqət çəkir. Burada artıq “şəhər bağı” anlayışı əvəzinə “bağ içində şəhər” ifadəsi daha çox yerinə düşür.
Dünyanın ən böyük şüşə altında olan parniki, 50 metr hündürlüyündə dünyanın ən böyük süni yaradılmış ağacları, ən hündür qapalı şəlaləsi, nadir gülləri və çiçəkləri bu bağı turistlər üçün cəlbedici edən əsas elementlərdir.
101 hektarlıq bağ dünyanın dörd bir yanından gətirilmiş ən müxtəlif iqlimlərə aid bitkiləri, hüllər və çiçəkləri özündə cəmləyir. Daha da maraqlısı odur ki, bağın təchizatı elə qurulub ki, kənardan əlavə enerji və su tələb etmədən öz-özünü saxlaya bilir. Ona görə də tükənməyən və “yaşıl” yaşam layihəsi dedikdə, ilk ağla gələn infrastrukturlardan biri hesab olunur.
Nəhayət, Sinqapur ölkə kimi rəngarəng mətbəxi, fərqli mədəni abidələri, böyük əyləncə mərkəzləri, kazinoları və başqa ikonik yerləri ilə turistlərə cəlbedici və fərqli təcrübələr yaşada bilir.
İFMA Sinqapur nümayəndəliyinin təşkil etdiyi konfrans

Əmlakların İdarəedilməsi üzrə Beynəlxalq Assossiasiya (ingiliscə “İnternatioanl Facility Management Associaion” və ya qısaca İFMA) bu sektorun peşəkarlarını bir araya gətirən beynəlxalq təşkilatdır. Dünyanın 100-dən çox ölkəsində, eləcə də Sinqapurda bu təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
Yerli nümayəndəliklər əmlakların idarə edilməsi sektorunun ölkədə və regionda inkişaf etdirilməsi, əməkdaşlıq, faydalı əlaqələrin qurulması, eləcə də təcrübə bölgüsü və nailiyyətlərin təntənəli şəkildə qeyd edilməsi məqsədilə müxtəlif konfranslar və görüşlər təşkil edirlər.
İFMA-nın Sinqapur nümayəndəliyinin İyul ayında təşkil etdiyi bu iki günlük konfrans da Cənub-Şərqi Asiya regionunda əmlakların idarə edilməsi və gələcəyin iş yerləri mövzusunu əhatə edirdi. Konfransı FM sektoru üzrə regionun ən böyük tədbirlərindən biri hesab etmək olar.
Konfrans haqqında
İki gün davam edən konfrans karbonsuzlaşma və sıfır karbon, innovasiyalar və oyun dəyişən texnologiyalar konfransın əsas mövzularını təşkil edirdi. Ofis və kommersiya sahələrində xidmət keyfiyyətini artırmaq, insanlara müsbət təcübələr yaşatmaq üçün müxtəlif təşəbbüslər təqdimatlarda öz əksini tapırdı.
Sinqapur və regionun ən böyük şirkətlərinin rəhbərləri, sektorun peşəkarları və hökümət nümayəndələri çıxış üçün dəvət olunmuşdu. Onlar da öz növbəsində hədəflərini, tətbiq etdikləri yenilikləri və təcrübələrini müxtəlif ölkələrdən gələn iştirakçılarla bölüşürdülər.
Konfransa rəng qatan əlavələrə gəldikdə, sahə səfərləri, yeni texnologiyaları nümayiş etdirən sərgi və tədbirin sonunda təşkil olunan Gala gecəsi oldu. Gala gecəsində ilin “ən yaxşı FM xidmətləri verən şirkəti”, “ən yaxşı texnologiya tətbiq edən şirkəti”, “ən yaxşı FM peşəkarı” və digər nominasiyalar üzrə qaliblər əyləncəli proqramla qonaqlara təqdim olundu.
Konfransı təsvir etmək üçün kifayət qədər detal paylaşmaq olar. Ancaq yazını qısa saxlamaq və əsas mesajı çatdırmaq məqsədilə yuxarıda qeyd olunan məlumatlar yəqin ki, yetərli olar.
Qısaca ümumiləşdirsək, “Cənub-Şərqi Asiya ölkələrində əmlakları idarə edən şirkətləri bu gün nə düşündürür, hansı texnoloji yeniliklər var və bu sektorda gələcək hədəflər nədir” kimi sualların cavabını bu konfransda almaq mümkün idi.

Beləliklə,
İFMA təşkilatının Sinqapur nümayəndəliyinin təşkil etdiyi “Cənub-Şərqi Asiyada Dünyanın İş yeri” adlı beynəlxalq konfrans əmlakların idarə edilməsi sektorunda çalışan və bu sahə üzrə maraqlanan mütəxəssislər üçün yetərincə maraqlı və faydalı keçdi.
Əmlakların idarə edilməsi sektorundakı yeni texnologiyalar və tendensiyalar dünyada baş verən dəyişikliklər və global çağırışlar fonunda çox aktual mövzulardır. Ofis və kommersiya sahələrində xidmət keyfiyyətinin artırılması, insanların zövqünə və tələblərinə uyğun təcrübələri yaşatma təşəbbüsləri bu sektorun gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdir.