Maraqlıdır ki, iqtisadiyyat deyəndə hərəmiz bir şey fikirləşirik. Ətrafınızdakılardan bunu soruşun və cavabları müqayisə edin. Özünüz buna əmin olarsınız.
Hər kəs “iqtisadiyyat” ifadəsini fərqli düşünür və özünəməxsus başa düşür. Fərqi yoxdur, kasıb ya varlı. Diqqət etmisinizsə, Azərbaycan dilində iqtisadiyyat (“economy”) və iqtisadiyyat (“economics”) sözləri, fərqli məna ifadə etsələr də, eyni cür yazılır.
Gəlin, bunları birinci və ikinci adlandıraq. Əslində, ikinci iqtisadiyyata, fərqləndirmək üçün çox vaxt “iqtisad elmi” və ya “iqtisadi nəzəriyyə” də deyirlər və belə olanda, ingilis dilindən tərcüməsi daha uyğun olur.
Bu yazının məqsədi söz oyunu, doğru ifadə seçimi və ya iqtisadiyyat sözünün tərcüməsi haqqında deyil. Məqsədimiz iqtisadiyyat haqqında olan biliklərimizi təzələmək, sadə dildə verilən izahlarla iqtisadiyyatı başa düşməyə yardımçı olmaqdır.
İqtisadçı nağılları
Əlbəttə, iqtisadiyyat geniş bir anlayışdır və qısa izahlarla onu tam əhatə etmək mümkün olmaz. Lakin bu və bunun kimi bir neçə silsilə məqalələr vasitəsilə ən əsas mövzulara toxunmağa cəhd edəcəyik. Xüsusilə də, bu “iqtisadçı nağılları” vasitəsilə sadə və asan başa düşülən izahlarla “iqtisadiyyat” anlayışını hamı üçün açmağa çalışacağıq.
İqtisadi nəzəriyyə kitablarında iqtisadiyyatın müxtəlif tərifləri, elmi izahları mövcuddur. Burada isə biz velosipedi yenidən kəşf etmədən, blog yazılar vasitəsilə və asan başa düşülən nümunələrlə iqtisadiyyatdan danışacağıq.
Məqsəd, iqtisadiyyatdan uzaq olan oxucular üçün onu sadə formada izah etmək, “iqtisadiyyat” sözü gələndə özlərini rahat və məlumatlı hiss etmələrinə dəstək olmaqdır.
İqtisadi təhsili olanlar üçün bu yazılarda bəlkə də yenilik olmayacaq, ancaq onların da iqtisadiyyata yeni və fərqli bir baxış əldə edəcəklərinə inanırıq.
Seriyanın ilk və ya giriş məqaləsində aşağıdakı iki mövzunu əhatə etməyə çalışacağıq:
- İqtisadiyyat haradadır?
- Kaslb iqtisadiyyatı nədir?
İqtisadiyyat haradadır?
İqtisadiyyat nədir? Bu anlayışın mümkün olan ən sadə ifadəsi yəqin ki, budur: “Məhdud resurslardan maksimum fayda əldə etmək.”
İqtisad elmində “məhdud resurs” ifadəsi ən çox istifadə edilən terminlərdən biridir. Əslində iqtisadiyyat anlayışının yaranmasının əsas səbəblərindən biri də məhz, resursların məhdud olması ilə əlaqəlidir.
Ancaq istər-istəməz bəzi suallar yaranır: Hansı resurslar? Haradakı resurslar? Ona görə, ilk öncə buradan başlamalıyıq.
İqtisadiyyatın məkan ölçüləri
“İqtisadiyyat” ifadəsi o qədər ümumi və geniş sözdür ki, onu nə qədər istəsən, o qədər hissəyə bölmək olar. Belə bölgülərə, kateqoriyalara, qanunlara və xırda detallara enmədən, onu başa düşməyin asan yollarını axtarmağa çalışaq.
Başda qeyd etdiyimiz, “hər kəs iqtisadiyyatı fərqli dərk edir” sözündə və belə fərqli baxışların yaranmasında haqlı səbəblər var. Çünki, haradan və necə baxmağınızdan asılı olaraq, fərqli iqtisadiyyatlar görəcəksiniz.
Ona görə ki, iqtisadiyyat sözündə, açıq deyilməsə də, gizlicə “məkan” anlayışı var.
Yəqin ki, Google xəritələrindən istifadə etmisiniz. Xəritədə, olduğunuz yerə yaxın ərazidə yerləşən restoran və ya kofe bar axtarmısınız. Bəlkə də ilk axtarışda sıfır və ya bir neçə nəticə görmüsünüz və bu sizi qane etməyib.
Sonra xəritənin miqyasını bir az da kiçiltmisiniz və axtarışı sadəcə ətrafınızda deyil, şəhərin böyük bir hissəsində, hansısa rayonunda davam etmisiniz. Bu dəfə daha çox və daha fərqli nəticələr görmüsünüz.
Sonra bir az da miqyası azaldıb bütün şəhərə baxmısınız və daha fərqli nəticələr görmüsünüz. Məsələn, restoranlardan əlavə, marketlər və otellər qarşınıza çıxıb. Sonra bir az da yuxarıdan baxmısınız və yenə də fərqli nəticələr…
İqtisadiyyat da belədir. Bu nümunədə göstərmək istədiyimiz, sadəcə “fərqli məkanlarda fərqli iqtisadiyyatlar olur” fikri deyil. Bu, təbii ki, belədir. Ancaq həm də, baxdığımız məkanın miqyasına görə də, fərqli iqtisadiyyat “görmüş” oluruq.
Baxdığımız məkanın genişliyinə görə izlədiyimiz iqtisadiyyatlar da dəyişir. Daha “geniş” ərazidə, nəinki daha böyük iqtisadiyyat, həm də daha fərqli iqtisadiyyat yaranır.
Bu isə, yuxarıda iqtisadiyyatın tərifində qeyd etdiyimiz “məhdud resurs” anlayışı ilə birbaşa əlaqəlidir. Hər məkanın resursları digərindən fərqlidir, istər məkanları yan-yana müqayisə edək, istərsə də şaquli formada biri digərinin içərisində.
Maraqlısı isə odur ki, bir üst səviyyədə olan iqtisadiyyat, onun daxilində yerləşən kiçik iqtisadiyyatların sadəcə cəmi deyil. O, həm də bu cəmdən daha fərqli bir iqtisadiyyatdır. Necə ki, xəritənin miqyasını azaldanda daha böyük ərazi yaranır və bu əraziyə daha kiçik ərazilərin cəmi kimi deyil, vahid və müstəqil bir ərazi kimi baxırıq.
Ailə iqtisadiyyatı
İqtisadiyyatda məkan anlayışını fərqli nümunələrlə bir qədər də aydınlaşdıraq. Məsələn, “Ailə iqtisadiyyatı” deyilən bir anlayış var. Bu, geniş məkanlarda mövcud olan iqtisadiyyatların daha kiçik məkanda mövcud olan oxşar modelidir.
Ailə iqtisadiyyatı, öz imkanlarına görə yaşayışını qurmaq və ya “evi çəkib çevirmək” mənasını bildirən iqtisadiyyat növüdür. Qısa olaraq desək, ailənin bəlli gəlirləri olur. Öz daxili qərarları nəticəsində bu gəlirlər müxtəlif yerlərdə istifadə edilir.
Ehtiyaclar, tələblər daim dəyişir və artır. Ailə öz gəlirləri ilə xərclərini daim bir-birinə uyğunlaşdırmağa çalışır. Ailə büdcəsinin formalaşması, onun nə vaxt, hansı miqdarda və nə üçün istifadə olunması ailə iqtisadiyyatının mahiyyətini təşkil edir.
Gəlir qazanmaq üçün, ailə üzvləri öz xidmətlərini müxtəlif vasitələrlə təqdim edirlər. Əldə olunan gəlirlər ailə büdcəsini formalaşdırır. Daha sonra, ailə, bu büdcəni xərcləyərək ehtiyac gördüyü müxtəlif malları və xidmətləri əldə edir. Alınan malları və xidmətləri bütün ailə üzvləri istehlak edir, yəni onları istifadə edir, onlardan faydalanır.
Ailə büdcəsi, təkcə onu qazanan, yəni evə pul gətirən üzvlərə deyil, eyni zamanda heç bir qazancı olmayan üzvlərə də, məsələn uşaqlara da sərf olunur. Büdcənin hansısa bir hissəsi dar gün üçün saxlanılır, yəni yığıma gedir və sairə.
Bu davamlı bir sistemdir. Yuxarıda qeyd etdiyimiz “birinci” iqtisadiyyat elə bu sistem deməkdir. Sadəcə, məkan və resurslar dəyişdikcə, fərqli iqtisadiyyat yaranmış olur.
Daha böyük iqtisadiyyatlar
Ailə iqtisadiyyatından bir vahid yuxarıda firma və ya şirkət iqtisadiyyatı dayanır. Firma, “məkan” olaraq ailədən daha böyükdür. Onun resursları daha çoxdur və daha fərqlidir. Hətta bir çox hallarda, bir firmanın və ya şirkətin daxilində onlarla, yüzlərlə ailə iqtisadiyyatı yerləşə bilər.
Şirkətlərin məqsədləri və hədəfləri başqa olsa da, onların da “iqtisadiyyat” anlayışında mövcud olan xüsusiyyətləri var. Belə ki, firmanın da məhdud miqdarda resursları olur. O, bu resurslardan istifadə edib gəlir əldə edir və formalaşan büdcəni ehtiyac gördüyü istiqamətlərə sərf edir.
Yenə də dəyişən və artan ehtiyaclar, məhdud resurslar və onları daha səmərəli istifadə etmək cəhdləri… Beləliklə, şirkət də özlüyündə ayrıca bir iqtisadiyyatdır. Şirkət iqtisadiyyatı haqqında digər məqalədə ətraflı danışacağıq.
Daha sonra, şəhər iqtisadiyyatı gəlir, sonra ölkə iqtisadiyyatı. Beləcə davam edərək, ən sonda, ən böyük iqtisadiyyat olan dünya iqtisadiyyatı yaranmış olur. Hər bir məkanın ölçüsünə görə, nəinki iqtisadiyyat özü böyüyür, eyni zamanda onun formaları da dəyişir və daha da mürəkkəbləşir.
Ona görə ki, hər bir iqtisadi məkanın daxilində baş verən iqtisadi fəaliyyətdən əlavə, onların bir-birlərilə də qarşılıqlı fəaliyyəti ortaya çıxır. Məsələn, hər bir ölkənin iqtisadiyyatı ona qonşu olan digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə olur.
Eyni zamanda bu ölkələrin hər birinin iqtisadiyyatı onların yerləşdiyi ümumi regionun vahid iqtisadiyyatı ilə də ayrı-ayrılıqda qarşılıqlı əlaqədə olur. Qarşılıqlı əlaqələr isə müxtəlif ola bilər. Ona görə də, 2+2 artıq 4 eləmir.
Beləliklə, məhdud sayda mövcud olan, hətta bəzi hallarda azalan resurslardan ən səmərəli formada istifadə etməklə, artan və dəyişən ehtiyacları qarşılamaq istəyi “iqtisadiyyat” sözünün bir qədər geniş izahıdır.
Burada istifadə olunan “səmərəli istifadə” sözü isə yeni termindir. Bu söz iqtisadiyyatı başa düşmək üçün çox önəmli ifadədir. Ona görə də, növbəti bölümdə bu sözü təhlil edəcəyik.
Kasıb iqtisadiyyatı nədir?
Əslində, “kasıb iqtisadiyyatı” deyilən bir şey yoxdur. Ancaq iqtisadiyyat kasıblar üçündür. Bu ifadə sizə qəribə səslənə bilər. Ancaq nə demək istədiyimizi aşağıda izah etməyə çalışacağıq. Bunun üçün ilk öncə “səmərəli istifadə” anlayışına nəzər yetirməliyik.
Səmərəli istifadə
İqtisad elmində ən çox istifadə olunan terminlərdən biri də “səmərəli istifadə” ifadəsidir. Çünki, resurslar məhdud olduğu üçün, onları bir formada istifadə etmək, başqa bir formada istifadə etməkdən məhrum olmaq deməkdir.
Bu, “eyni anda iki fərqli məkanda ola bilməmək” ifadəsinə uyğun gəlir. Məsələn, cibinizdə 20 manat pul varsa, buna ya restoranda yaxşı bir yemək sifariş etmək olar, ya özünüzə bir köynək ala bilərsiniz, ya da evin kommunal xərclərini ödəmək olar. Lakin bunların hamısını etmək mümkün deyil.
Bəs səmərəli istifadə nədir? Çox sadə bir nümunə bunu izah edə bilər. Məsələn, evdə 500 qram miqdarında dananın bel əti var. Bu, əlimizdə məhdud miqdarda olan resursdur. Mən ondan steyk bişirmək istəyirəm.
Bu ətdən steyk hazırlasam, sadəcə iki nəfər üçün və bir dəfə yeməyə çatacaq qədər yemək olacaq. Lakin, onu ət maşınından keçirib kotlet hazırlasam, yanına da kartof qızartması və ya püresi əlavə etsəm, bu daha çox adama fayda verə bilər.
Adətən, steyklər yeməyin əsas hissəsini təşkil edir, yanında qarniri olmur və ya daha az olur. Çox vaxtı tərəvəzlərlə yaxşı gedir. Ona görə ətdən böyük miqdarda istifadə edilir.
Kotlet isə, qiyməti daha ucuz və doyumlu olan digər qarnirlərlə, kartof, düyü, makaron, çörək kimi karbohidrat mənşəli yeməklərlə daha çox istehlak olunur. Nəticədə, eyni miqdarda olan ətdən daha çox adama xidmət etmək mümkün olur.
Deyə bilərsiniz ki, kotlet seçimində ətin yanına əlavə kartof, düyü və ya digər qidalar əlavə edirəm və bu da xərcdir. Düzdür, lakin burada incə bir məqam var. Ət zülaldır, düyü, makaron, çörək və ya kartof isə karbohidrat mənşəli qidalardır. Zülalın qiyməti karbohidratın qiymətindən daha çoxdur.
Ona görə də, bir porsiya yeməyin ümumi miqdarını və doyumlu olmağını azaltmadan, bahalı olan ətin miqdarını azaldıb, əvəzində ucuz olan karbohidrat qidaları əlavə etdikdə, porsiyaların sayı daha çox olur. Başqa sözlə, 500 qram ətdən iki nəfər deyil, daha çox istehlakçı istifadə edə bilir.
Zülal yoxsa karbohidrat?
Əslində, ət və digər qida məhsullarının hər biri əlimizdə olan resurslardır. Qiymətindən asılı olmayaraq, bütün resurslar məhduddur. Zülallarla zəngin olan ət məhsulları kimi, un, kartof və düyü kimi karbohidratla zəngin qidalar da, nisbi baxanda, məhdud resurs sayılır.
Bu resursların dünyada mövcud olan miqdarı və onlara olan ehtiyaclar fərqli olduğu üçün, onların bir-birilə müqayisəli qiymətləri də fərqlidir. Bu haqda başqa bir məqalədə danışacağıq.
Eyni zamanda, bu resursların özlərinin məkan anlayışına görə qiymətləri də bir-birindən fərqlənir. Belə ki, mövcud tələbə nisbətdə, məhsulların dünya səviyyəsində olan miqdarları ölkə səviyyəsində və ya şəhər səviyyəsində olan miqdarlarından fərqlidir.
Məsələn, ölkə səviyyəsində hansısa məhsulun miqdarı ona olan ehtiyaca nisbətdə, dünya səviyyəsindən daha çox və ya daha az ola bilər. Nəticədə, məkan seçiminə görə resursların məhdudluğu anlayışı dəyişə bilər.
Evimiz üçün, yemək bişirmək məqsədilə aldığımız məhsullar da ailə iqtisadiyyatının resurslarıdır və bu resurslar ailə iqtisadiyyatı daxilində məhduddur. Çünki, bizim bəlli bir büdcəmiz var və öz büdcəmizi bölərkən həm ehtiyaclarımızı, həm də məhsulların bazar qiymətlərini diqqətə alırıq və onlardan müxtəlif miqdarlarda əldə edirik.
Yuxarıdakı ət bişirmək nümunəsinə qayıtsaq, birinci seçimdə, ətin hamısını istifadə edirik və karbohidratlara toxunmuruq. Ətsiz yeməklər sevilmədiyi üçün, çox vaxt karbohidrat qidalar müstəqil yemək kimi yeyilmir. Nəticədə iki porsiya yemək əldə edirik.
İkinci seçimdə, ət və karbohidratların kombinasiyasından istifadə edib fərqli məhsul yaradırıq. Nəticədə, əldə olan resurslar daha çox ehtiyacı qarşılayır.
Göründüyü kimi, məhdud miqdarda olan əti ya birinci, ya da ikinci yeməkdə istifadə edə bilirik. Yəni, bir yerdə istifadə olunan resursu başqa yerdə istifadə etməkdən məhrum oluruq. İkinci seçimdə həm ana resurs (ət), həm də digər resurslar istifadə olunduğu üçün, daha çox tələbi qarşılaya bilir və bütün resurslar daha səmərəli istifadə olunur.
“Hansı seçim doğrudur?” sualına, əslində, birmənalı cavab yoxdur. Çünki yaranmış ehtiyac və istəklər sadəcə kəmiyyətlə ölçülmür. Keyfiyyətli məhsullara da tələbat mövcud olur. Necə ki, sağlam qidalanmaq istədikdə bunu düşünürük.
Ona görə də, “iqtisadçıları” düşündürən əsas sual resursların “ən səmərəli” istifadə formasını tapmaqdır. Necə etsək, hansı qərarları versək, əlimizdə olan məhdud resurslardan ən doğru şəkildə istifadə etmək olar.
Kasıb iqtisadiyyatı
Bu məqalədə iqtisadiyyatın iki əsas termini olan “məhdud resurslar” və “səmərəli istifadə” anlayışlarını təhlil etdik. Necə edim ki, az şeydən çox şey əldə edim?
Dilimizdə “əppək qatığı” adlı ifadə var. “Qatığı çörəklə yemək” vərdişindən yaranmış bir deyimdir. Ümumi olaraq, yeməyi çörəklə yemək mənasını verir. Adətən, yeməyin miqdarı az olanda, doydurucu olsun deyə, onu çörəklə yemək məntiqli görünür. Bu ifadə daha çox kasıb ailələrdə istifadə olunur.
“Ekonom eləmək” adlı termini də yəqin çoxlarınız bilirsiniz. Bu, yuxarıda qeyd olunan “əppək qatığı” ifadəsi ilə oxşar anlayışdır.
Bir çox xidmətlərin qiymətində istifadə olunan “ekonom paket” və ya “ekonom tarifi” ifadələri əslində tam olaraq “iqtisadiyyat” sözü ilə əlaqəli deyil. Bu ifadələr daha çox biznes termini kimi, “aşağı qiymətli” mənasını bildirir. Lakin bir qədər diqqət etdikdə, bu sözün təsadüfi seçilmədiyini görə bilərik. “Ekonom tarif” adətən daha az ödəniş ilə hansısa xidmətin müəyyən baza hissəsini əldə etməyi nəzərdə tutur.
Çoxmənzilli yaşayış binaların idarə edilməsi də əslində bir iqtisadiyyat növüdür. Məqalədə qeyd olunan və iqtisadiyyatı təsvir edən cəhətlər əmlakların idarə olunmasında da mövcuddur.
Ona görə də iqtisadi mövzuların bloq səhifəmizdə yer almasının daha geniş oxucu kütləsi üçün faydalı olacağına inanırıq.
Bu yazını yekunlaşdırsaq,
Ehtiyaclarımızı qarşılamaq üçün əldə etdiyimiz mal və xidmətlər mövcud olan başqa resurslardan hazırlanır. Həmin resurslar məhdud olduğu üçün, bu məhsulları istehsal edənlər daima səmərəli yollar axtarırlar. Onların bu davranışı sizə nəyi xatırladır?
İqtisadi nəzəriyyə əslində məhdud olan resurslardan ən yaxşı nəticələri əldə etməyi öyrənən elmdir. Həm ailə iqtisadiyyatında, həm ölkə iqtisadiyyatında, həm də dünya iqtisadiyyatında “iqtisadçılar” bu imkanları axtarırlar.
Beləliklə, əgər resurslar sonsuz miqdarda olsaydı, o halda belə bir axtarışa, beləliklə də iqtisadiyyata ehtiyac qalmayacaqdı. Ona görə də, iqtisadiyyatı əslində daha dəqiq ifadə ilə “kasıb iqtisadiyyatı” adlandırsaq heç də yanılmış olmarıq.
