Çoxmənzilli binalarda yaşayan mənzil sahiblərindən aylıq tələb edilən və “kommunal pulu”, “kommunal ödənişi”, “kommunal haqqı”, “xidmət haqqı”, “aylıq ödəniş”, “mənzil pulu”, “komendant pulu” və digər adlarla yad edilən bu ödənişlərin mahiyyəti və məqsədi nədir?

Bu yazıda çoxmərtəbəli binada evi olan sakinləri, hər mənzil sahibini maraqlandıra bu suala cavab tapmağa çalışacağıq.

Kommunal pulu ödənişinin əsası

İlk öncə qeyd edək ki, dövlət müəssisələri tərəfindən təmin edilən elektrik, su-kanalizasiya və təbii qaz təminatını da kommunal xidmətlər adlandırdığımız üçün, “kommunal pulu”  dedikdə sakinlərin nədən söhbət getdiyini tam anlamamaq ehtimalı var. “Kommunal” sözü bəzən çaşdırıcı ola bilər.

Çoxmənzilli binalarda kommunal xidmətlər dedikdə ümumi əmlakın saxlanması üçün göstərilən xidmətlər nəzərdə tutulur. Bəzən bu xidmətlərə mənzil-kommunal xidmətləri, bəzən baxım xidmətləri, bəzən də istismar xidmətləri deyilir.

Yaşayış binalarında baxım xidmətlərinin növü kifayət qədər çoxdur. Bura liftlərin və binadakı digər qurğuların baxımı, ümumi sahələrin təmizliyi, tullantıların daşınması, ümumi işıqlandırma kimi xidmətləri misal göstərmək olar. Bu yazıda məqsədimiz baxım xidmətlərinin çeşidini sadalamaq olmadığı üçün, əlavə detallara getmirik. Bu haqda ətraflı məlumat üçün başqa bir məqaləmizə nəzər yetirə bilərsiniz.

Əlavə olaraq, dövlət müəssisələri tərəfindən təqdim edilən elektrik, su və təbii qaz xidmətlərinin də ümumi sahələrə aid olan hissəsi bu xidmətlərin tərkib hissəsi sayılır. Baxım xidmətlərinin adında “kommunal” sözünin istifadə olunmasının bir səbəbi də, elə bununla əlaqəlidir.

Ayrı-ayrı mənzillərin və qeyri-yaşayış sahələrinin daxilində sərf olunan kommunal xidmətlər üçün kommunal sayğaclar ayrı quraşdırılır. Həmin fərdi sayğacların sərfiyyatı müvafiq sahələrin mülkiyyətçilərinin öz öhdəliyi hesab olunur. Ona görə də mənzil və ya qeyri-yaşayış sahəsi daxili sərfiyyata görə yaranan kommunal haqqı mülkiyyətçi tərəfindən birbaşa dövlət müəssisəsinə ödənilir.

Ancaq bütün mülkiyyətçilərə məxsus olan ümumi sahələrin saxlanması üçün istifadə edilən sərfiyyat, bina üçün göstərilən kommunal xidmətlərin bir hissəsini təşkil edir. 

Misal göstərsək, liftlərin, su motorlarının işləməsi və ümumi sahələrin işıqlanması üçün sərf olunan elektrik enerjisi ümumi əmlak üçün istifadə olunan sərfiyyata ən gözəl nümunələrdir. Bu sərfiyyatın xərcini isə idarəedici təşkilat çəkir və digər baxım xərcləri ilə bərabər mülkiyyətçilərdən yığılan kommunal haqqı ödənişləri hesabına bağlamalıdır.

Bizi düşündürən suallar

“Məni ancaq qapımdan içəri maraqlandırır, həyətin işıqlandırılması və ya blokun təmizlik xərcini mən niyə ödəməliyəm?” deyə fikirləşməsək də, “dövlətə vergi ödəyirəm və bu xərclər ordan qarşılanmalıdır axı” və ya “xadimələr onsuz da dövlətdən maaş alır da” kimi fikirlər ağlımıza və dilimizə gəlməmiş deyil.

Bəzən də, “mən o xidmətləri görmürəm; liftimiz çox vaxt işləmir; həyətdə işıq yanmır; və ya əksinə, gündüz vaxtı həyətin işıqları boşuna yanır; bu ödənişlər təyinatına görə düzgün istifadə olunmur; kommunal ödənişlərinin sui istifadə olunmadığını hardan bilək” kimi suallar da az olmur.

Əslində bu sualların çoxunda haqq payı kifayət qədər çoxdur və mülkiyyətçiyə tam mənzərə aydın olmadığı üçün bu ödənişin mahiyyətini başa düşməkdə çətinlik çəkir. Ona görə də davamlı ödəniş etməkdən hər fürsətdə yayınmağa çalışırlar. Biz isə bu məqalədə biz “kim haqlıdır” sualına cavab tapmağa çalışmırıq, “əslində necə olmalıdır” sualını aydınlaşdırmağa çalışırıq.

Qanun nə deyir?

Mənzil Məcəlləsinin 38-ci maddəsinə görə, çoxmənzilli binaların ümumi əmlakının saxlanması üçün tələb olunan və məcburi hesab edilən xərclər sahə mülkiyyətçilərinin, yəni hər bir mənzil sahibinin məsuliyyətinə aid edilir və bu məsuliyyət öz mülkiyyət sahəsinin payı nisbətində nəzərdə tutulur.

Məcəllənin 142-ci maddəsi isə açıqlayır ki, binanın mülkiyyətçilərinin ümumi yığıncağı xidməti göstərməli olan təşkilatı müəyyən etdikdən sonra, çoxmənzilli binanın idarə edilməsi haqqında xidmət müqaviləsinin həmin təşkilatla hər bir mənzil mülkiyyətçisi arasında bağlanmasını təmin edir. 

Xidmət müqaviləsində isə razılaşdırılmış xidmətlərin adları və xidmət haqqı, yəni aylıq ödəniləcək kommunal pulu əks olunur. Beləliklə, idarəedici təşkilat müqavilədə əks olunan xidmətlərin yerinə yetirməsini üzərinə götürür. Mənzil sahibləri isə öz növbəsində onun haqqını ödəməyi öhdəsinə götürür.

Deməli, mənzil mülkiyyətçiləri binanın ümumi sahələrinin baxımı və ümumi kommunal xərclərin qarşılanması üçün binadakı idarəedici təşkilata dövrü olaraq xidmət haqqı ödəməlidir ki, həmin xidmətləri də davamlı ala bilsin. 

Kommunal xidmətlərini “kim və necə təşkil etməlidir” və ya xidmət haqqı nə qədər olmalıdır” kimi suallarınız yaranırsa, bu mövzuları digər yazılarımızda təhlik edəcəyik.

Beləliklə

Çoxmənzilli binalarda kommunal pulu və ya kommunal haqqı ümumi əmlakın saxlanması üçün çəkilən istismar xərclərini qarşılamaq məqsədilə ödənilən aylıq baxım xərcidir. Başqa sözlə, çoxmənzilli binanın idarə edilməsi üçün aylıq xidmət haqqıdır. 

Qanunla, bu xidmətlərin təmin edilməsi binadakı bütün mülkiyyət sahiblərinin müştərək öhdəliyidir. İstismar xidmətlərinin kəsintisiz və lazımi səviyyədə əldə edilməsi üçün xidmət haqqının vaxtında və tam ödənilməsi vacibdir.

4.9 7 Səs
Faydalıdırsa, qiymət verin zəhmət olmasa
Abunə ol
Xəbər ver
guest
1 Rəy
Ən köhnə
Ən yeni Ən çox səs verilən
Mətndaxili şərhlər
Bütün rəylər
Ali
Ali
1 İl əvvəl

Kommunal pulu ne qeder olmalidi eslinde? Hardasa izahi var?