Çoxmənzilli binalarla əlaqəli bir çox mövzulara toxunarkən, avtodayanacaq məsələsini müzakirə etməmək olmazdı. Günümüzün ən əsas problemlərindən biri yaşayış binalarında parkinq sahələri ilə əlaqəlidir.

Müştərək mülkiyyətli daşınmaz əmlaklara xas olan əsas elementlərdən biri də, həmin əmlaklarda avtomobillər üçün parkinq sahələrinin yaradılmasıdır.

Bu yazıda yaşayış binalarında parkinq sahələri haqqında danışacağıq. Mövzu çox geniş olduğu üçün, onu iki məqaləyə bölmək yəqin daha əlverişli olar.

Ona görə yaşayış binalarında parklama məsələsinin bəzi detallarına, eləcə də beynəlxalq təcrübədə bu problemin necə həll olunmasına ikinci məqalədə nəzər yetirəcəyik. 

Bu məqalədə toxunduğumuz əsas alt-mövzular:

Parkinq sahələri və onların idarə olunması

Parkinq sahələrinin və ya avtodayanacaqların müxtəlif təsnifləndirmələri var. Məsələn, yerüstü və yeraltı, qapalı və açıq, küçə və ya xüsusi parking sahələrində avtomobil parklanması mümkündür. 

İlk öncə qeyd etmək yerinə düşər ki, bu məqalədə Azərbaycanda və xüsusilə Bakı şəhərində mövcud olan bütün növ parkinq sahələrinin müzakirəsi nəzərdə tutulmur. Bu yazının məqsədi sadalanan bütün parkinq formalarını əhatə etmək və ya parkinq problemini hərtərəfli təhlil etmək deyil.

Əlavə olaraq, parkinq sahələri sahiblik, istifadə və idarə olunması baxımından da bir-birindən fərqlənir. Xüsusilə, daşınmaz əmlakların növlərinə görə, onlara aid olan parkinq sahələrini bir-birindən fərqləndirmək mümkündür.

Məsələn, alış veriş mərkəzinin parkinq sahəsi, ofis və biznes mərkəzlərinin parkinq sahələrindən bəzi aspektlərinə görə fərqlənir. Eləcə də yaşayış və qeyri-yaşayış sahələrinə aid olan parklanma sahələri sahiblik və idarəetmə baxımından fərqli xüsusiyyətlərə malikdir.

Bu məqalədə bizim əsas nəzər nöqtəmiz isə məhz yaşayış sahələrinin avtodayanacaq məsələsidir. Yəni çoxmənzilli yaşayış binalarının, rezidenslərin və ya əsas hissəsi yaşayış sahələri olan çoxməqsədli, multifunksional əmlak komplekslərinin parkinq sahələri.

Digər əmlak tiplərinin avtodayancaqları, onların idarə edilməsi, ümumi pakinq sahələrində və ya küçəkənarı parklanma mövzuları bu yazımızın əhatə dairəsinə daxil deyil.

yaşayış binası - parkinq sahələri

Yaşayış sahələrinin tipləri və parklanma məsələsi

Ümumiyyətlə, yaşayış sahələrinin özü də müxtəlif kateqoriyalara bölündüyü üçün, onlara aid avtodayanacaqların sahiblik və idarəetmə məsələsi bir-birindən fərqlidir.

Məsələn, fərdi həyət evlərinin daxilində yerləşən dayanacaq sahəsi tamamilə şəxsi məsələdir və aydındır ki, bu xüsusi müzakirə mövzusu deyil. Digər tərəfdən, küçəkənarı parklanma məsələsi yerli qanunvericiliyə, dövlət və ya bələdiyyənin müəyyən tələblərinə əsasən təşkil olunur.

Çoxmənzilli yaşayış binaları və onların parkinq sahələri isə özəl mülkiyyətin fərqli bir formasıdır. Bu tip əmlaklarda parking sahələri ümumi istifadədə olan və ya özəl ola bilər. Ancaq parkinq sahəsinin özü ümumilikdə müştərək mülkiyyətli xüsusi əmlak sahəsidir.

Başqa sözlə, çoxmənzilli binalarda parkinq sahələri mənzil mülkiyyətçilərinin ortaq əmlakı və ya ümumi əmlakı hesab olunur. Ona görə onun baxımı və idarə olunması da həmin daşınmaz əmlakın daxili qaydaları ilə tənzimlənməlidir.

Çoxmənzilli binaların idarə edilməsi mövzusunu başqa bir məqaləmizdə müzakirə etmişdik. Bu mövzuya dair əlavə məlumatlarla həmin yazıda tanış ola bilərsiniz. Ona görə əsas mövzumuza fokuslanaraq, gəlin yaşayış binalarında parklanma məsələsinə dair Azərbaycandakı cari vəziyyətə qısa nəzər yetirək.

Azərbaycanda yaşayış binalarının avtomobil dayanacaqları

Bu bölümü uzun və ya ətraflı yazmağa yəqin ki ehtiyac yoxdur. Azərbaycanda yaşayan hər kəs avtodayancaq mövzusuna az-çox hakimdir. Cari vəziyyətin necə olduğunu bütün avtomobil sürücüləri, hətta sürücü olmayan şəxslər də gündəlik olaraq təcrübədən keçirə bilir.

Ancaq Azərbacan təcrübəsinə xas olan bəzi xüsusi nüansalara toxunmaq, müəyyən statistikaya nəzər yetirmək yəqin ki, yerinə düşər.

Köhnə və yeni tikili binalarda parklanma sahələri

Bugün Azərbaycanda, əsasən də Bakı şəhərində mövcud olan çoxmərtəbəli yaşayış binalarını təxmini iki qrupa bölsək yəqin ki, səhv etmərik. Əslində rəsmi olmasa da, belə bir bölgü insanların təfəkküründə mövcuddur.

Onlardan biri, Sovet dövründə dövlət hesabına tikilən, müstəqillik dövründə isə tam və ya qismən özəlləşdirilən köhnə binaların daxil olduğu qrupdur. Adına ümumi olaraq “köhnə tikili” deyirik.

İkincisi isə, müstəqillik illərində özəl maliyyələşmə hesabına Mənzil-Tikinti Kooperativləri (“MTK”) tərəfindən tikilən binalardır. Yəni “yeni tikili” dediyimiz “MTK binaları”. Mövzumuz xüsusi mülkiyyət olduğu üçün, dövlət sifarişi ilə tikilən və ya dövlət mənzil fonduna aid olan binaları kənara qoyuruq.

Məlumdur ki, köhnə tikili yaşayış binalarında parklanmanın nə dərəcədə qəliz olması kifayət qədər aydın mənzərədir. Bu qrup binalarda parklanma sahələrinin nəinki sayı və forması, ümumiyyətlə avtodayanacaq sahəsinin mövcud olmaması hamıya məlumdur.

Bunun da əslində bir çox obyektiv səbəbləri var. Bəli, daha çox obyektiv səbəbləri. Ən azı onu vurğulamaq olar ki, köhnə binalar tikilən zaman indiki qədər avtomobil yox idi. Nəqliyyat vasitələrindən istifadə forması fərqli idi. Fərdi avtomobilə sahib olma səviyyəsi, eləcə də daşınmaz əmlakların özünün mülkiyyət forması indiki kimi deyildi.

Ümumilikdə, “köhnə tikili” binalar inşa olunan zaman yaşayış binalarına baxış forması müasir dövrün tələblərindən xeyli fərqli idi. Ona görə bu qrupa daxil binalarda parkinq sahələrinin olmaması daha çox obyektiv mənşəlidir. Necə deyərlər, hər dövrün öz tələbi olur.

Yeni tikililərə gəldikdə, hamımız müşahidə edirik ki, artıq bu məsələyə diqqət ayrılmağa başlanıb. Xüsusilə son dövrlərdə inşa edilən binalarda qapalı və ya açıq tipli parkinq sahələrinin nəzərə alınması artıq geniş yayılmış təcrübədir. 

Bəli, onların sayı və ya istifadə edilmə forması ilə bağlı yəqin ki, xeyli suallarınız yaranır. Əlbəttə, bu suallara hələ qayıdacağıq. Lakin yeni binalarda parklanma sahələrinin diqqətə alınması, xüsusilə yeraltı zirzəmilərin effektiv istifadəsi davamlı müşahidə olunan hala çevrilir.

Yaşayış binaları - avtodayanacaq - parking 2

Avtodayanacaqların cari vəziyyəti

Yuxarıdakı detalları paylaşmaqda məqsəd var əslində. Bu xüsusiyyətlər Azərbaycanda mövcud olan müxtəlif tip yaşayış binalarında parkinq məsələsinin indiki vəziyyətə necə çatmasına müəyyən qədər işıq salır.

Aydındır ki, köhnə tikili binalarda avtomobillərin parklanması əsasən binanın həyətyanı sahələri hesabına təmin olunur. Sözsüz ki, bu sahələr xüsusi olaraq avtodayanacaq üçün nəzərdə tutulmayıb. Belə binalarda parkinq sahələri ümumi həyəti, giriş-çıxış sahələrini, istirahət və uşaq meydançalarını əhatə edir.

Hətta, köhnə binalarda həyət sahələrinin kiçik olması və ya sonradan əlavə olunan tikililər bəzi binaların sakinləri üçün parklanmanı ümumiyyətlə çox müşkül edir. Düzdü, bəzi köhnə binalarda bitişik və ya yanaşı qaraj sahələri də mövcuddur. Lakin bunların sayı və istifadəsi çox məhdud olduğu üçün, bu ümumi mənzərəyə güclü təsir etmir.

Yeni tikili binalarda isə vəziyyət qismən fərqlidir. Yuxarıda qeyd etdiyimiz kimi, bu binalarda açıq və ya qapalı parkinq sahələri nəzərdə tutulur. Nəzərdə tutulan parklama yerlərinin sayı məsələsini hələlik açıq sual kimi növbəti məqaləyə saxlayırıq.

Bununla belə, əksər hallarda yeni tikili binaların həyətyanı sahələri və mümkün olan bütün boş yerlər yenə də avtomobil dayanacağı kimi istifadə olunur. Bu yerlərdən həm sakinlər, həm də yaxınlıqdakı qeyri-yaşayış sahələrində yerləşən kommersiya obyektlərinin müştəriləri istifadə edirlər.

Deməli, avtomobil parklanmasındakı çətinliklər sadəcə binada nəzərdə tutulan parkinq sahələrinin mövcudluğundan da asılı deyil. Qeyd etdiyimiz mənzərə binanın sakinləri üçün mövcud avtodayanacaqların kifayət etdiyi və etmədiyi binaların hər ikisində mövcud ola bilər.

Bəs problemin səbəbi nədir?

Əslində, yaşayış binalarında parkinq problemi şəhərdə avtomobil sayının çox olması ilə birbaşa əlaqəli deyil. Məsələ ondadır ki, Azərbaycan avtomobilləşmə səviyyəsinə görə dünyada 120-ci yerdədir. Bakı şəhərinin özü də bir çox iri şəhərlərin göstəricilərindən xeyli aşağıdadır.

Ümumi götürdükdə, problemin kökü parkinq sahələrinin sayı ilə əlaqəli olsa da, avtodayanacaqların istifadə forması, eləcə də binanın ümumi əmlakının  idarə edilməsi qaydalarındakı çatışmazlıqlar bu problemi qabardan əsas amillərdir. Parkinq sahələrinə sahiblik və onların idarə olunması mövzusuna da növbəti məqaləmizdə toxunacağıq.

Burada sadəcə onu qeyd edə bilərik ki, çoxmərtəbəli yaşayış binalarının həyəti, istirahət və oyun zonaları kimi, parklanma sahələri də binanın ümumi əmlakı hesab olunur. Ona görə də bu binalarının parkinq probleminin həllində ümumi əmlakın doğru idarə olunmasının birbaşa rolu vardır. Binaların idarə olunmasını isə digər yazılarda ətraflı müzakirə edirik.

Paytaxtdan kənarda, digər şəhərlərdə və rayon mərkəzlərində avtodayanacaq çatışmazlığı o qədər diqqətə çarpmaya bilər. Parklanma məsələsi əhali sıxlığı ilə birbaşa əlaqəlidir. Əhali nə qədər sıx olarsa, avtomobillərin sayı və nəticədə də parklanma problemi daha qabarıq üzə çıxır.

Yaşayış binalarında avtomobil parklamanın cari vəziyyəti haqqında bu yazını tamamlamadan öncə, növbəti bölümdə bəzi statistik göstəricilərə nəzər salaq.

Bakı şəhərinin Baş planında avtomobillərin parklanma məsələsi

Yaşayış binalarında parklanma sahələri 2

Bir müddət öncə, Bakı şəhərinin 2040-cı il üçün baş planı hazırlanıb ictimaiyyətə təqdim olundu. Növbəti 20 ilə yaxın dövrü əhatə edən bu strateji sənəddə Bakı şəhərindəki parklanma məsələsinə də toxunulur.

Bu məqalənin məqsədinə aidiyyatı olduğu üçün, hesabatda parklanma məsələsinə dair yer alan bəzi məlumatlara nəzər yetirməyimiz yerinə düşər.

Parklanma sahələrinə tələbat

2020-ci ilin göstəricilərinə görə, Bakıda hər 1000 nəfərə 226 fərdi minik avtomobili düşürdü. Yəni avtomobilləşmənin səviyyəsi 22.6% təşkil etmişdi. Avtomobilləşmə səviyyəsinin 2013-cü ildə ən yüksək səviyyədə, təxmini 28% olduğunu nəzərə alsaq, bu göstəricinin son illər aşağı düşməsi müşahidə olunurdu.

Lakin yenicə tamamlanmış analizlərə və verilən proqnozlara əsasən, 2040-cı ilə kimi avtomobilləşmə səviyyəsi 34%-ə qədər yüksələcək. Bu isə növbəti 20 ildə avtomobilləşmənin 10%-dən çox artımı deməkdir. Avtomobilləşmə səviyyəsinin artması hesabına həmin dövrdə fərdi minik avtomobillərinin parklanma həcmi də 50% artacaqdır.

Onu da nəzərə almaq lazımdır ki, bu göstərici ictimai nəqliyyatın inkişaf etdirilməsi fonunda verilən proqnozu əks etdirir. Hazırda, Bakı sakinlərinin gündəlik nəqliyyat səfərlərinin 56%-i məhz ictimai nəqliyyatın və yalnız 40%-i fərdi avtomobillərin payına düşür. İctimai nəqliyyatın inkişafı planlandığı kimi getməzsə, fərdi avtomobil istifadəsi 59%-ə qədər arta bilər.

Azərbaycanda avtomobilləşmə səviyyəsi əslində elə də böyük deyil. Müqayisə üçün, ABŞ-ın bəzi ştatlarında bu göstərici az qala 100%-ə çatır. Bir sıra Avropa ölkələrində, o cümlədən ərazisi kiçik olan dövlətlərdə də avtomobilləşmə 70-80%-in üzərindədir. Əhalisi və ərazisi təxmini Azərbaycan boyda olan Birləşmiş Ərəb Əmirliklərində hər 1000 nəfərə düşən avtomobil sayı 354 ədəddir. 

Qeyd olunan göstəricilər sadəcə fərdi avtomobil istifadəsinin müqayisəsi üçün verilir. Avtomobilləşmə səviyyəsi hələ bu ölkələrin parklanma probleminin olmağı, yaxud da vəziyyətin bizdən daha yaxşı və ya pis olmağını əks etdirmir.

Bakı şəhərində cari parkinq yerlərinin sayı 23 min civarında hesablanır. Parklanma sahələrinə tələbatın təxmini 20 min olduğunu nəzərə aldıqda, əslində paytaxtda mövcud parklanma yerlərinin hazırda kifayət etdiyi qənaətinə gəlmək olar.

Lakin, bu sizi çaşdırmasın. Burada iki cəhətə diqqət yetirmək lazımdır. Birincisi, mövcud parklanma yerlərinin tələb olunan yer sayından 3 min artıq görünməsi şəhərin ümumi statistikasını əks etdirir. 

Bu say şəhərin bütün zonalarının cəmi şəklində ifadə olunur. Ayrı-ayrı zonalara nəzər yetirdikdə isə, şəhərin Mərkəzi zonalarında əslində 3600-dən çox parkinq yeri çatışmazlığı müşahidə olunur.

İkinci məsələ də odur ki, bu göstəricilər ictimai parklanma tələbatını əks etdirir. Çoxmərtəbəli yaşayış binalarının sakinlərinin parklanma ehtiyacları isə bundan dəfələrlə çoxdur. 

Avtomobilləşmə səviyyəsinin gələcəkdə artması isə, avtomobil sayının, nəticədə isə yaşayış binalarında parkinq yerlərinə olan tələbatın artımı deməkdir. Ona görə də həm yeni parkinq sahələrinin yaradılması, həm də onların idarə olunması şəhərin dayanıqlı inkişafı üçün önəmli hesab olunur.

Bəs sonra necə olacaq?

Baş planda parkinq sahələrinə tələbatın gözlənilən artımı fonunda parklanma yerlərinin artırılması üçün bəzi təkliflər irəli sürülür. Onları aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Yeni parklanma yerlərinin mövcud yerüstü avtomobil dayanacaqlarında və həyətyanı sahələrdə inşa olunmasına üstünlük verilməsi
  • Yeraltı avtomobil dayanacaqlarının inşası üçün şəhərdaxili yaşıllıq sahələrinin yeraltı hissəsinin nəzərə alınması
  • 2027-ci ilə qədər təqribən əlavə 4500 parklanma yerinin yaradılması
  • 2040-cı ilə qədər daha 3500 parklanma yerlərinin yaradılması

Yeni avto dayanacaqların yaradılması ilə nəinki tələbatı ödəmək, hətta “izafi təminat” nəticədə tədricən küçəkənarı parkinqə tələbatın azalması gözlənilir.

Lakin, yuxarıda qeyd etdiyimiz kimi, bu təkliflər əsasən ictimai parklanma sahələrini əhatə edir. Yaşayış binalarındakı parkinq sahələri və onlara dair tələblər bu sənəddə əks olunmur. Bizim mövzumu isə məhz yaşayış binalarının parklanma məsələsidir.

Doğrudur, Baş planda yeni inşa olunan binalarda parklanma yerlərinin sayı barədə tələblərin qoyulması barədə qeyd əks olunur. Lakin bu hissə bircə bu qeyddən ibarətdir. Yəqin ki, əlavə detallar sonrakı sənədlərdə əks olunacaq və bu məsələnin önəmini dəfələrlə vurğulamamaq olmaz.

Ona görə də növbəti məqaləmizdə bu mövzuya daha ətraflı nəzər yetirəcəyik. Yazı çox uzun və yorucu olmasın deyə, bu məqaləni sadəcə ümumi vəziyyətin təsviri ilə yekunlaşdırırıq.

Beləliklə,

Yaşayış binalarında parkinq sahələrinin cari vəziyyətini qısaca təsvir etdik. Avtodayanacaq probleminə köhnə və yeni tikili binaların perspektivindən baxmaq bugünkü mənzərəni başa düşməyə imkan yaradır. 

Növbəti 20 ildə Bakı şəhərində parklanma sahələrinə tələbatın artacağı gözlənilir. Dayanıqlı inkişafı təmin etmək üçün şəhərin Baş planında yeni parklanma sahələrinin yaradılması nəzərdə tutulur.

Şəhərin müxtəlif yerlərində avtomobillər üçün parkinq sahələrinin yaradılması ilə yanaşı yeni inşa olunan yaşayış binalarında avtodayanacaq sahələrinin sayı diqqətə alınmalı, onların effektiv idarə olunması qaydaları ciddi düşünülməlidir.

Çünki yaşayış binalarında parklanma problemi binadakı dayanacaq yerlərinin sayı və onların doğru idarə edilməsi ilə birbaşa əlaqəlidir. Deməli problemin həllini də bu istiqamətdə axtarmaq daha məntiqlidir.

5 2 Səs
Faydalıdırsa, qiymət verin zəhmət olmasa
Abunə ol
Xəbər ver
guest
0 Rəy
Ən köhnə
Ən yeni Ən çox səs verilən
Mətndaxili şərhlər
Bütün rəylər