Televiziya xəbərlərində, radioda və ya sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında insanların dəm qazından zəhərləndiyini və həyatlarını itirdiyi xəbərlərini tez-tez eşidirik. Bəs bu qədər insanların həyatına son qoya bilən və faciəvi nəticələrə gətirən bu dəm qazı nədir? Ondan necə qorunmalıyıq?
Çoxmənzilli binalarda yaşayan sakinlərin evlərində dəm qazından zəhərlənmə və ölüm halları mənzillərdə təbii qazın yanma prosesinin düzgün getməməsi, yanma prosesinin pozulması nəticəsində baş verir. Belə ki, qaz cihazlarının quraşdırıldığı otaqların texniki normalara cavab verməməsi, tüstü və ventiliyasiya kanallarının vaxtaşırı təmizlənməməsi nəticəsində sormanın zəifləməsi başlayır.
Evimizdəki qaz cihazlarının çıxışlarının kustar (əldəqayırma) qaydada hazırlanmış tüstü bacalarına birləşdirilməsi, qaz cihazlarına, tüstü borularına və ventilyasiya kanallarına texniki qulluq göstərilməməsi əsas səbəblərin başında gəlir. Eləcə də, yaşayış binalarının mənzillərində və dam örtüklərində aparılan təmir işləri zamanı tüstü yollarının müxtəlif səbəblərdən bağlanması və ya dağılması, tüstü bacaları əvəzinə ventilyasiya kanallarından istifadə edilməsi yanma prosesinin düzgün getməməsinə səbəb olur.
Dəm qazı zəhərlənməsi nədir?
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir.
Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə az öncə qeyd etdiyim dəm qazından zəhərlənmələrə səbəb olur.
Çoxmənzilli binalarda yaşayan sakinlərin dəm qazı ilə zəhərlənməsi daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır.
Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.
İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qapalı qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər.
Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri nələrdir?

Atmosfer havasına dəm qazı əsasən 2 yolla daxil olur:
- Təbii mənbələrdən daxil olan dəm qazı,
- Antropogen mənbələrdən daxil olan dəm qazı.
Təbii yolla dəm qazı əsasən metanın və digər karbohidrogenlərin iştirakı ilə zəncirvari reaksiya şəklində atmosfer havasına daxil olur.
Antropogen mənşəli dəm qazı isə insanların qızdırıcı cihazlardan düzgün istifadə etməməsi nəticəsində əmələ gəlir. Eyni zamanda daxili yanma mühərriklərinin işləməsi nəticəsində əmələ gələn dəm qazı da bu qrupa aiddir.
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- sobanın qapağının vaxtında bağlanmaması;
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması;
- insanların yanğın ocaqlarında olmaları;
- qarajda avtomobilin işlək vəziyyətdə olması;
- qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması;
Dəm qazı ilə zəhərlənmənin yüngül, orta və ağır əlamətləri ola bilər. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.
Yünqül dərəcəli əlamətlər:
- küt başağrısı
- başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı
- təngnəfəslik
- quru öskürək
- gözdən yaş axma və müvazinətin itməsi
- sinə və boğaz nahiyəsində ağrı
- öyümə
- qusma
- görmə və eşitmə hallusinasiyaları
- dəri və selikli qişaların hiperemiyası (qızarması)
- ürək döyüntüsü
- qan təzyiqinin artması
Orta ağır dərəcəli əlamətlərə: yuxuluq və hərəkətin məhdudlaşması, ağır dərəcəli vəziyyətdə isə:
- huşun itməsi
- qıcolmalar
- psixomotor oyanmalar
- tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm baş verə biər.
Dəm qazından zəhərlənmə zamanı atılan addımlar
Dəm qazı ilə zəhərlənmə müəyyən edildikdə, tibbi yardıma müraciət etməklə yanaşı, yerində bəzi ilkin tibbi yardım addımlarını atmaq canqurtarıcı ola bilər. Soyuqqanlı davranan istənilən şəxs əsasən sadə olan bu addımları yerinə yetirə bilər:
- təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək;
- otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;
- dəm qazının otağa daxil olmasının qarşısını almaq;
- əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin;
- əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda “CO” markalı əleyhqazlardan istifadə etmək olar
Bəs "Dəm qazı" adlı səssiz düşməndən qorunmağın yolları nələrdir?

Hər qış dəm qazından vəfat edənlərin sayı yay aylarında nisbətdə daha çox olur. Bu “ayaqucunda səssiz-səmirsiz gələn ölüm”ün qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər görlə bilər.
İlk öncə, daşınmaz əmlakın idarə edilməsi, xüsusilə çoxmənzilli yaşayış binalarının idarə edilməsi sahəsində təcrübəsi olan idarə edici təşkilatla birgə işləmək önəmlidir. Binanı idarə edən təşkilat onun ümumi sahələrinin baxımına, profilaktik tədbirlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır.
Mənzillərin daxilində isə məsuliyyət birbaşa mülkiyyətçinin üzərinə düşür. Ona görə də, həm ümumi əmlakın idarə edilməsi, həm xüsusi əmlakların, yəni mənzilin daxili hissələrində lazımi profilaktik addımların atılması bu təhlükəyə qarşı mübarizəni effektiv etməyə imkan yarada bilər.
- dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.
- qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməlidir.
- tüstü bacalarının hündürlüyü isə binanın damından çıxdığı yerdən ən azı 0,5 m hündür olmalıdır.
- bu sahədə çalışan bütün ekspertlər tərəfindən detektorların quraşdırılmasını tövsiyə olunur.
Adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilir.
Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10% -ə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq mümkündür.
Bəs dəm qazı və onunla mübarizə məsələsində nəzarət edici dövlət orqanı hansıdır? Vətəndaşlar bu kimi problemlərlə üzləşdikdə hansı dövlət qurumlarına müraciət edə bilərlər?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixində imzalanmış 180 saylı qərarla “Qazdan istifadə Qaydaları”nda edilmiş müvafiq dəyişikliklərə əsasən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin, qeyri yaşayış obyektlərində isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilib. Həmin qurumların qaynar xəttinə və ya məktub yazmaqla müraciət ünvanlamaq mümkündür.
Beləliklə
Çoxmənzilli yaşayış binalarında dəm qazı zəhərlənməsi ən çox yayılan təhlükələrdən biri olduğu üçün onunla mübarizəyə ciddi diqqət ayrılmalıdır. Sakinlərin bu təhlükədən xəbərdar olması, onun yaranma səbəblərini, əlamətlərini və ilkin müdaxilə üsullarını bilməsi belə təhlükələrdə oyun dəyişən rol oynaya bilər.
Mənzil daxilində profilaktik hazırlıqla yanaşı, binaların ümumi əmlaklarının da effektiv idarə olunmasına diqqət ayrılması bu təhlükənin sovuşdurulmasında önəmli rol oynayır.